Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutunda “Antikorrupsiya siyasəti dövlətin davamlı iradəsidir” kitabının təqdimat mərasimi keçirilib. Modern.az xəbər verir ki, İnsan Hüquqları İnstitutunun direktoru, millət vəkili Aytən Mustafayeva Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ölkədə insan hüquqlarının inkişafına böyük diqqət göatərildiyini, korrupsiyaya qarşı dövlət səviyyəsində ciddi tədbirlər görüldüyünü deyib.
Kitabın müəlliflərindən biri İnsan Hüquqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadə korrupsiyaya qarşı aparılan tədbirlərin KİV-də geniş işıqlandırılmadığını vurğulayıb: “MTN-də, Ədliyyə Nazirliyində, məhkəmə orqanlarında, Respublika Prokurorluğunda korrupsiyaya qarşı çoxlu sayda işlər görülür. Hətta Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də bu sahədə xeyirli işlər aparır. Təəssüf ki, KİV, xüsusilə, radio və televiziyalaımız korrupsiyaya qarşı aparılan işləri təbliğ etmir. Çox yaxşı olardı ki, bu işlər işıqlandırılıb dünyaya çatdırılsın”.
Kitabın digər müəllifi tarix elmləri doktoru, professor Namiq Axundov isə Təhsil Nazirliyinə müraciət ünvanlayıb: “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə mütəmadi olaraq aparılır. Orta məktəblərdə də şagirdlərə korrupsiya haqqında geniş məlumatların verilməsi, bir növ bu sahədə maarifçiliyin aparılması məqsədəuyğun olardı. Düşünürəm ki, orta məktəblərdə korrupsiya haqqında dərslərin keçirilməsi bütövlükdə cəmiyyəti korrupsiya kimi bəladan qurtarmış olar”
YAP Siyasi Şurasının Humanitar məsələlər komissiyasının sədr müavini İradə Hüseynova məmur-vətəndaş münasibətlərinə toxunaraq deyib ki, cəmiyyətdə hüquqi maarifləndirmənin aparılması çox vacibdir: “Korrupsiya və rüşvət hər bir dövlət üçün bəladır. Ona görə də bu cür məsələlərə sistemli yanaşılmalıdır. Bundan başqa, siyasi qətllərin baş verməsində də korrupsiyanın rolu var. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizə ümumuxalq işi olmalı və antikorrupsiya milli dəyərlərin bir qoluna çevrilməlidir”.
Namidə BİNGÖL