Rusiyalı politoloq Stanislav Tarasov Dağlıq Qarabağ münaqişəsində Türkiyənin və ABŞ-ın iştirakını şərh edib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ekspertin fikirlərində daha çox ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Türkiyəyə səfərinə diqqət çəkilib. O bildirib ki, ABŞ Qarabağ probleminin həlli ilə bağlı Türkiyənin mövqeyini dərindən öyrənmək niyyətindədir. Analitik iddia edir ki, Azərbaycan amerikalı həmsədrin Türkiyə səfərinə son dərəcə ehtiyatla yanaşır. İddialarının səbəbləri barədə söz açan S. Tarasov qeyd edib ki, buna əsas səbəb C. Uorlikin Dağlıq Qarabağ münaqişəsinin həllini Kipr problemi ilə müqayisə etməsidir. Politoloqun sözlərinə görə ABŞ-ın əsas məqsədlərindən biri danışıqlara Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı rejimi cəlb etməkdir.
Qeyd edək ki, ABŞ-dan olan həmsədr Dağlıq Qarabağ konfliktini Kipr problemi ilə müqayisə etmişdi. “Türk və yunan Kipri eyni yaşayış məskənində tam təşəkküllü müzakirələrə başlayacaqlarını elan edib. Bu tendensiya niyə görə Dağlıq Qarabağ problemi üçün keçərli olmasın?”-deyə bir müddət öncə C. Uorlik açıqlamasında qeyd edib
Aqşin Kərimov