Modern.az

Türkiyə parlamenti Xocalı soyqırımını müzakirə edəcək - EKSKLÜZİV

Türkiyə parlamenti Xocalı soyqırımını müzakirə edəcək - EKSKLÜZİV

19 Fevral 2014, 17:45

26 fevral Xocalı soyqırımının ildönümü günü münasibəti ilə Türkiyə Böyük Millət Məclisində (TBMM)  müzakirələrin olacağı gözlənilir.  Modern.az saytına danışan  TBMM-in Aparat rəhbəri Mustafa Kabakçı bu haqda məlumat verib.

Parlament rəsmisi bildirib ki, Türkiyə hər zaman Azərbaycanın sevincinə, dərdinə şərik çıxdığından bu il də Xocalı soyqırımını yaddan çıxarmayıb.

“Ramazan, Novruz bayramı kimi sevincli günlərimizdə bərabər olsaq da, acılı günlərimizi də unutmuruq. Xocalı faciəsi  ilə bağlı olaraq Türkiyədə  hazırda çoxlu sayda tədbirlər həyata keçirilir. Hər zaman Türkiyə parlamentinin millət vəkilləri gündəmdən kənarda olaraq Xocalı ilə bağlı, ümumiyyətlə ermənilərin Azərbaycana qarşı təcavüzünə dair fikirlər səsləndirirlər”-deyə M. Kabakçı söyləyib.

Türkiyə parlamentinin səlahiyyətlisi onu da qeyd edib ki, bu ölkənin Dağlıq Qarabağ konflikti ilə bağlı həssaslığı davam edir. Onun sözlərinə görə Ankaranın Mamak vilayətindəki “Xocalı küçəsi”ndə 25-26 fevral tarixlərində Azərbaycan və Türkiyə bayraqları asılacaq.

“Bununla yanaşı, soyqırımına aid tablolar adıçəkilən küçədə yerləşdiriləcək. Xocalı cinayətinin Türkiyə parlamentində də gündəmə gətirilməsi gözlənilir”-deyə aparat rəhbəri qeyd edib.

TBMM-in bitərəf deputatı Ərtoğrul Günay da hesab edir ki, parlamentdə gündəmdən kənarda olsa belə, Xocalı məsələsinə toxunulacaq. Türkiyəli deputat Modern.az saytına açıqlamasında bildirib ki, Türkiyə Azərbaycanla bağlı məsələlərdə həssasdır.

“Buna görə də Xocalı soyqırımı heç bir zaman Türkiyə Böyük Millət Məclisində unudulmayacaq. Düşünürəm ki, 26 fevral günü deputatlar öz düşüncələrini söyləməklə Azərbaycanın dərdinə şərik çıxacaqlar. İmkan olarsa və mənə də söz verərlərsə, mən də söz alıb  Xocalı ilə bağlı danışacağam”-deyə Ə. Günay vurğulayıb.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU