Müşavirədə bildirilib 2013-cü ildə notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı 3,5 milyonu ötüb, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə artım müşahidə olunub, doğumun sayı 174 minə, nikahın sayı isə 87 minə çatıb.
2013-cü ildə məhkəmə işlərinin sayı ötən illə müqayisədə 24% artaraq 205 mini ötüb, onlardan 75%-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 110 milyon manata yaxın vəsait ödətdirilib. Qərarların icrasına maneçilik törədən və icradan qərəzli şəkildə yayınan, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 2.400 nəfər inzibati məsuliyyətə cəlb olunub, 305 nəfər barəsində cinayət işi başlanıb, 2640 borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.
Ötən il inzibati nəzarət qaydasında baxılmış bələdiyyə aktlarının sayı 14 faiz artaraq 60 minə yaxın olub və 2.500-ə yaxın akt nazirliyin təklifləri əsasında dəyişdirilib və ya ləğv edilib. Pozuntulara yol verən 364 bələdiyyə sədri intizam məsuliyyətinə cəlb olunub, cinayət xarakterli faktlarla bağlı 25 material prokurorluğa göndərilib.
2013-cü ildə məhkəmə ekspertizası sahəsində nazirliyə 42 ekspert ixtisası üzrə 23 minə yaxın iş daxil olub, ekspertlər 263 minə yaxın suala cavab verməklə qaldırılmış məsələlərin 99,8%-ni həll ediblər.
Ötən il cəzaçəkmə müəssisələrində vərəmdən ölüm halları 60 dəfə, ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm halları 15 dəfə azalıb.
Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktı 9.900-dən artıq şəxsə tətbiq edilib, 2267 məhkum azadlığa buraxılıb. Bununla yanaşı, dövlət başçısının 153 məhkum barəsində qəbul etdiyi Əfv sərəncamının icrası dərhal təmin edilib.
Müşavirədə qeyd edilib ki, beynəlxalq öhdəliklərdən irəli gələn hüquqi yardım, məhkumların cəza çəkmək üçün verilməsi, ekstradisiya məsələlərinin icrası ilə bağlı 12.500-dən çox beynəlxalq sorğu və sənədlərin icrası üzrə tədbirlər görülüb, cəzalarının qalan hissəsini öz ölkəsində çəkmək üçün 83 məhkum təhvil verilmiş və alınıb.
İclasın yekununda mövcud nöqsanlar və problemlər müzakirə olunub. Vəzifə borclarına və vətəndaşların qayğılarına laqeyd münasibət bəsləyən, əmək və icra intizamını pozan, kobud nöqsanlara yol verən 6 ədliyyə işçisi tutduğu vəzifədən azad olunub və ya ədliyyə orqanlarından xaric edilib.
Modern.az