Milli Dirçəliş Hərəkatı Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə dünya şöhrətli Azərbaycan Respublikasının əməkdar rəssamı Əşrəf Heybətin doğum günü tədbiri keçirildi. Beynəlxalq aləmdə tanınmış Azərbaycan rəssamının 18.02.2014-ci il tarixində “Tuqay” şadlıq evində sənət adamları və dostları onun doğum gününü qeyd etdilər.
Yığıncağı açıq elan edən MDHP sədrinin mədəniyyət üzrə müşaviri Niftalı Göyçəli ilk sözü MDHP sədri, millət vəkili Fərəc Quliyevə verdi. Fərəc bəy çıxışında tədbirə qatılan qonaqlara təşəkkür və salamlarını çatdırdıqdan sonra qeyd etdi ki, “dünyaşöhrətli əməkdar rəssamın yaratdığı əsərlərdə bütövlükdə milli və müasir arqumentlər öz əksini tapmış, bu əsərlərin dünyanın müxtəlif ölkələrində Azərbaycan xalqının və dövlətinin təbliğ olunmasında müstəsna xidmətləri olmuşdur. Buna görə də Azərbaycanın Rspublikasının rəhbərliyi Əşrəf bəyin yaradıcılığını yüksək qiymətləndirmişdir. Eyni zamanda, Əşrəf bəy rəssamlıqla yanaşı yaşadığı xarici ölkədə geniş diaspora fəaliyyətilə də məşğuldur. Əşrəf bəyin bütün əsərlərinə nəzər yetirdikdə, orada dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin izini görmək mümkündür. Ona görə ki, Əşrəf Heybət rəssamlıqda ilk addımlarını atarkən, məhz Səttar Bəhlulzadədən dərs almışdır və o məktəbin ən layiqli davamçılarından biridir. Əşrəf bəyin vətəninə və millətinə bağlılığı təkcə sözdə deyil, onun bütün yaradıcılığında özünü büruzə verir.” MDHP sədri Fərəc Quliyev çıxışının sonunda Əşrəf bəyə bütün yaradıcılığında uğurlar arzulayaraq, bundan sonra da əməkdar rəssama hər zaman əlindən gələn dəstəyi əsirgəməyəcəyini bildirdi.