Modern.az

Minə yaxın iranlı və israilli tələbə Azərbaycanda birlikdə TƏHSİL ALIR

Minə yaxın iranlı və israilli tələbə Azərbaycanda birlikdə TƏHSİL ALIR

Ölkə

23 İyun 2025, 17:08

2024–2025-ci tədris ilində Azərbaycanın ali təhsil müəssisələrində 7 min 472 xarici tələbə təhsil alır. Onların böyük hissəsi Türkiyə vətəndaşlarıdır.

Siyahıda, həmçinin aralarında hərbi toqquşma yaşanan İran və İsraildən olan tələbələr də yer alır.

Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, hazırda İran və İsrail vətəndaşı olan ümumilikdə 948 tələbə Azərbaycanda birlikdə təhsil alır.

Son üç ildə İrandan Azərbaycana oxumaq üçün gələnlərin sayında azalmalar müşahidə edilir. 

Belə ki, 2024-2025-ci tədris ilində başlanğıcında İran İslam Respublikasının 942 tələbəsi ölkəmizdə təhsil alıb. Eyni göstəricilər 2023-2024-cü il tədris ilində 1069, 2022-2023-cü ilində isə 1116 olub. 

İsrailli tələbələrinin ümumi sayı İran vətəndaşlarından az olsa da, onların Azərbaycan universitetlərinə marağı artıb. 

Hazırda 6 İsrail vətəndaşı olan tələbə Azərbaycanın ali təhsil mərkəzlərində təhsil alır. 2023-2024-cü tədris ilində bu rəqəm 4, 2022-2023-cü ilində isə 5 olub.

Təhsil sahələri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, İran və İsrail arasında münaqişə davam edərsə, gələcəkdə bu ölkənin, əsasən də iranlı abituryentlərin Azərbaycan universitetlərinə müraciəti artacağı gözlənilir: “İsrailli vətəndaşların isə müraciətinin artacağını düşünmürəm. Burada əsas mövzu tədris müəssələrinin keyfiyyətidir. İki il əvvəl Azərbaycanda təhsil almaq üçün gələn xarici tələbələrin sayı 10 minə çatdı və ən çox Türkiyə, İran və Pakistandan olub. Bəzi ölkələrdə isə sadəcə 1-2 tələbə təhsil üçün ölkəmizə müraciət edir. İranlı tələbələrin əsasən Naxçıvan Dövlət Universitetinə marağı varsa, israillilər üçün informasiya texnologiyaları, tibb, nanotexnologiya sahələrinə marağı var və bu sahələri Avropa, ABŞ-də olan universitetlər daha yaxşı tədris edir”. 

Statistikalar göstərir ki, 2 ildən çoxdur müharibə şəraitində yaşayan Rusiya və Ukrayna tələbələrinin Azərbaycan ali təhsil mərkəzlərinə müraciəti də artıb. 

Rusiyadan ölkəmizə ali təhsil alamaq üçün gələnlərin 2024-2025-ci tədris ilinə görə göstəriciləri 794-dür. Bu rəqəm 2021-2022-ci tədris ilində - müharibə başlamamışdan əvvəl isə 475 olub. 2023-cü ildə Azərbaycanda oxumaq üçün müraciət edən və müsbət cavab alan rusiyalı tələbələrin sayı isə 609-a qalxıb. 

Ukraynadan Azərbaycana təhsil almaq üçün gələn tələbələr üçün də bənzər statistikanı görə bilərik. Belə ki, 2024-2025-ci tədris ilində ukraynalı 57 tələbə ali təhsil almaq üçün Azərbaycan universitetlərini seçiblər. Bu göstərici 2023-2024-cü illərdə 42, 2022-2023-cü illərdə 39, müharibədən əvvəlki dövr- 2021-ci ildə isə 25 olub. 

Bundan başqa uzun illərdir qeyri-sabitliyin, vətəndaş müharibəsi və kənar hərbi müdaxilələrin olduğu Yaxın Şərq ərazisində yaşayan tələbələr də ali təhsil almaq və təhsillərini davam etdirmək üçün Azərbaycana üz tuturlar.
2024-2025-ci tədris ilinin əvvəlində Suriya Ərəb Respublikasından ölkəmizə ali təhsil almaq üçün gələnlərin sayı 148, İraqda 53, Yəməndə 29, Əfqanıstanda 43, Sudandan isə 35 olub.

Qeyd edək ki, sadalanan ölkələr arsında sadəcə Rusiyada dövlət xətti ilə təhsil alan azərbaycanlılar var. 2024-2025-ci il tədris ilinin əvvəlinin statistikasına görə 198 azərbaycanlı tələbə Rusiyada təhsillərini davam etdirir. 

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı