AMEA Fəlsəfə, Sosiologiya və Hüquq
İnstitutunun böyük elmi işçisi, fəlsəfə doktoru,
dosent
Hazırda Azərbaycan xalqının milli şüuruna ciddi təsir göstərən faktorlar arasında qloballaşma prosesi xüsusi yer tutur. Bir çoxları hesab edirlər ki, qloballaşmanın əsas ideyaları modernləşmə, postmodernləşmə, demokratiya, liberalizm və vətəndaş cəmiyyətidir. Fikrimizcə, bütün bunlar Azərbaycan vətəndaşının təfəkküründə yaxşı halda beynəlmiləl, pis halda isə kosmopolit şüur formalaşdara bilər. Bu ideyaların tətbiqi zamanı irqindən, dinindən asılı olmayaraq bütün insanların hüquq və azadlıqları önə çəkildiyi üçün millilik arxa plana keçirilir. Xüsusilə, son zamanlar vətəndaş cəmiyyəti, çoxmədəniyyətlilik, informasiya cəmiyyəti, tolerantlıq anlayışlarının qloballaşma prosesinin tərkib hissəsi kimi təbliği çox düşündürücüdür. Bizə elə gəlir ki, qloballaşma prosesi anlamında aldadıcı və zahirən müsbət görünən (məsələn, fərdin azadlığı millətin və dövlətin azadlığında üstündür) ideyaların içində şüurlarımıza yeridilən, ancaq milli və dini mənəviyyatımıza uyğun olmayan məsələlərdə son dərəcə diqqətli olmalıyıq.
Ona görə də, Azərbaycanda qloballaşmanın geniş yayıldığı, modern və vətəndaş cəmiyyətinin qurulmasına çağırışlar edildiyi bir dövrdə, islamçılıq və türkçülüyün də nə qədər vacibliyi məsələsinin xüsusi maraq doğurması təbiidir. Ümumiyyətlə, qloballaşma prosesində «üçlüyə» (türkləşmək, islamlaşmaq və müasirləşmək) münasibətdə iki əsas baxış var: 1) Qərbyönlü vətəndaş cəmiyyəti, modernləşmə «üçlüy»ə nisbətən daha vacibdir; 2) Qərbyönlü vətəndaş cəmiyyəti quruculuğu, modernləşmə nə qədər zəruri olursa-olsun, «üçlük» onun kölgəsində qalmamalıdır.
Deməli, bu gün də milli şüurun formalaşmasında ən azı iki tərəfli mübarizə gedir. Bu mübarizədən hansının qalib çıxması ilə milli şüurun formalaşması prosesi yeni bir çalar daşıya bilər. Daha doğrusu, əgər vətəndaş cəmiyyətinin, modernləşmənin «üçlük»dən daha vacib olması qənaətinə gəlinərsə, yaxud da gəlinirsə bu zaman milli şüurun öz mahiyyətindən xeyli dərəcədə kənara çıxması baş verə bilər. Çünki vətəndaş cəmiyyəti üzərində formalaşan şüur daha çox beynəlmiləl, müəyyən mənada kosmopolit şüurdur. Digər tərəfdən, vətəndaş cəmiyyətinin özünə olan münasibət və onun tətbiqi forması birmənalı deyildir. Belə ki, sözün həqiqi mənasında vətəndaş cəmiyyəti modeli uyğulanarsa, müəyyən mənada o, milli şüurla uzlaşdırıla bilər. Ancaq bu formal şəkildə baş verərsə məsələ tamamilə başqa rəng alar.
Bu baxımdan hazırda «üçlüyü»ün kölgədə qalması deyil, əksinə önə çəkilməsi qəbuledilən variant olardı. Fikrimizcə, 20-ci əsrin əvvəllərində qloballaşma nümunəsi olan sosial-demokratizmlə «üçlük» arasında gedən mübarizədə sonuncunun qalib çıxması bunun bariz nümunəsidir. Doğrudur, «üçlüy»ün «rus marksizmi» üzərində qələbəsi çox çəkmədi, bir az sonra rus və rusyönlü sosial-demokratlar Azərbaycanda hökmran oldular. Onlar da beynəlmiləlçilik adı altında «rus kommunizmi»ni təbliğ edirdilər. Ancaq «üçlük»dən fərqli olaraq rus sosial-demokrtalarının qalibiyyəti zorakılığa və saxta beynəlmiləlçiliyə əsaslandığı üçün onun perspektivi yox idi. Məhz marksizmin rus variantı olan bolşevizmin zorakılığa arxalanmasının nəticəsi idi ki, sonunda məhv oldu. Bununla da, 20-ci əsrin sonlarında yenidən milli ideyalara üz tutuldu. Milli ideyalar olmadan bir millətin var ola bilməyəcəyi qənəatinə gəlindi.
Sadəcə, burada yeni problemlər ortaya çıxdı. Bu da ondan ibarət idi ki, millətin milli şüuru formalaşmadan populist və məntiqdənkənar şüarlarla nəyisə əldə etmək çətindir. Müstəqilliyimizin bərpasının ilk dövrlərində populist və məntiqdənkənar şüuarlardan uzağa gedə, yəni milli şüuru formalaşdıracaq «üçlüy»ü doğru şəkildə cəmiyyətə çatdıra bilmədiyimiz üçün, yenidən milli ideyaların, yoxsa beynəlmiləl ideyaların vacibliyi məsələsi gündəmə gəldi. Bu günə qədər də həmin mübahisələr və disskusiyalar davam etməkdədir.
Bu gün beynəlmiləlçilik özünü Azərbaycanda Qərbin, yaxud da Avropanın demokratik ideyaları şəklində büruzə verir. Eyni zamanda bizə qonşu dövlətlər də, bu və ya digər dərəcədə beynəlmiləlçiliyin müxtəlif variantlarını əldə bayraq edərək millətin şüuruna müəyyən mənada təsiri göstərirlər.
Günümüzdə bəzi tədqiqatçılar, ideoloqlar hesab edirlər ki, «üçlük»dən çıxış etmək hazırkı şəraitdə mümkün deyildir. Bunu, ötən əsrin əvvəllərində eynilə sosial-demokratlar və ittihadçılar deyirdilər. Bu gün isə özlərini demokratlar, liberallar, bir sözlə vətəndaş cəmiyyəti, modernləşmə tərəfdarları kimi təqdim edənlər həmin müddəanı önə çəkirlər. Bu cür düşünənlərin fikrincə, 20-ci əsrin əvvəllərində islamlaşmaq və türkləşmək lazım və zəruri idi, indi isə artıq onlara bir o qədər ehtiyac yoxdur. Maraqlıdır ki, həmin dövrdə bu fikri müdafiə edənlər ən çox marksistlər olmuşlar. Onlar hesab edirdilər ki, sosializm quruculuğunda millət və dinə yer yoxdur. İndi də bəzi ideoloqlara görə, vətəndaş cəmiyyəti quruculuğunda millətə və dinə əhəmiyyətli pay düşmür. Çünki vətəndaş cəmiyyətində dini, milli, hətta sinfi ideeologiyalar deyil, sağlam düşüncə, şüurlu azadlıq və məsuliyyət əsasdır. Bir sözlə, vətəndaş cəmiyyətində ən ali dəyər milli kimlik (millət), dini kimlik (müsəlman, xristian), siyasi kimlik (sağçı, solçu, mərkəzçi) deyil insandır. Bu mənada, vətəndaş cəmiyyəti modeli əslində liberalistlərin, marksistlərin ideyalarının yeni bir formasından başqa bir şey deyildir.
Bizcə, hər hansı toplumda fərdin azadlığı millət və dövlətin azadlığından üstün tutularsa, həmin cəmiyyətin milli və siyasi varlığı gec-tez təhlükə altına düşmüş olacaqdır. Çünki fərd özünü daha çox azad hiss etdikcə, mənsub olduğu millət və dövlətə bağlılığı azalacaqdır. Bu mənada, insanın azadlığının millət və dövlətin azadlığı ilə müqayisə edilməsi, onların qarşı-qarşıya qoyulması doğru deyildir. Fərd həmişə özünü millətin və dövlətin bir üzvü hesab etməli, müəyyən mənada öz maraqlarından millət və dövlət üçün güzəştə getməyə hazır olmalıdır. Yəni bütün hallarda millət və dövlət naminə güzəştə gedən bir tərəf varsa, o da fərd olmalıdır. Yalnız bu halda həmin millət və dövlət milli və siyasi varlığını qoruyub yaşada bilər. Çünki millətin varlığı fərdin varlığından daha dəyərlidir. Fərd özünü millət və dövlət naminə qurban verməyə hazır olmalıdır. Yalnız bu şüura malik cəmiyyətlərdə millət və dövlət həmişə var olur. Ancaq hansı cəmiyyətdə ayrı-ayrı fərdlər öz maraqlarını millət və dövlət maraqlarından üstün tutub bunu sınırsız insan azadlığı ilə izah edirlərsə onların gələcək varlıqları şübhə altındadır.
Bu baxımdan vətəndaş cəmiyyətinin mövcud olduğu bir çox Aropa ölkələrində, o cümlədən ABŞ-da milli və dini dəyərlərin yenidən dirçəldilməsinə cəhd başa düşüləndir. Çünki onlar anlayırlar ki, insan nə qədər dəyərli olursa olsun, fərd nə qədər azadlıqlara sahib olursa olsun milli və dini dəyərlərdən uzaqlaşdıqca özgələşir. Özü də bu özgələşmə, yəni fərdin milli mənsubiyyətdən və dini dəyərlərdən uzaqlaşması, onun beynəlmiləl-kosmopolit (dünya vətəndaşı) bir şəkilə girməsindən çox ən adi insani keyfiyyətlərdən mərhum olunması ilə nəticələnir. Vaxtilə eyni hadisələr uydurma kommunizm dövründə yaşandı. Ruslar kommunizm məfkurəsi adı altında qeyri-rusları, xüsusilə türk-müsəlman xalqları milli və dini kimliklərdən uzaqlaşdırmağa çalışdılar və müəyyən qədər də bunu bacardılar. Bunula da, türk-müsəlman xalqları daha çox özgələşməyə məruz qaldılar. Buna əks reaksiyanın nəticəsi kimi Çingiz Aytmatov «Gün var əsrə bərabər», Oljes Süleymonov «Az-ya», Bəxtiyar Vahabzadə «Latın dili», «Gülüstan» əsərlərini yazdılar.
İndi də vətəndaş cəmiyyəti adı altında insan amili milli və dini dəyərlərdən üstün tutulur. Bir sözlə, fərd millət və dinə qarşı qoyulur. Guya, fərdin azadlığının əsasında yalnız hüquq və azadlıqları dayanır. Bu zaman millət və dinə münasibət SSRİ dövründə olduğu kimi, arxa plana keçilir. Burada əsas üstünlük şəxsiyyətin hüquq və azadlılarına verilir, dövlətin xaricində insanların ictimai münasibətlərin qurulmasının önəmliliyindən bəhs olunur və s. Yuxarıda da qeyd etdiyimiz kimi, bu cür vətəndaş cəmiyyəti modeli bir tərəfdən insan hüquq və azadlıqlarının təmin olunması baxımından müsbət görünsə də, ancaq ümumilikdə ailə dəyərlərinin aradan qalxmasına, bununla da dövlətin əsasını təşkil edən sosial institutların dağılmasına səbəb olur. Bu isə, əslində gələcəkdə dövlətin özünün varlığı üçün təhlükə mənbəyidir. Belə olduğu təqdirdə, milli və dini dəyərlərdən uzaq olan insanın-fərdin dünya vətəndaşına çevrilməsi öz mənasını itirir. Çünki fərd öz mahiyyətini itirir və qeyri-müəyyən vəziyyətə düşür, başqa sözlə özgələşir.
Ona görə də, fərdin öz milli kimliyinin və dini dəyərlərinin üstündə insani keyiyyətə malik olması inandırıcı deyildir. Bu özünü heç vaxt doğrultmamışdır. Bu mənada, hazırda fərdin azadlığının önəmliliyi adı altında vətəndaş cəmiyyətinin zərurətindən çıxış edənlər müəyyən mənada, 20-ci əsrin əvvəllərində «üçlük» ideyasını tənqid edənlərlə – marksistlərlə eyni mövqe nümayiş etdirirlər. Bu mənada, indiki dövrün «marksistləri» və «liberalistləri» 20-ci əsrin əvvəllərində yeni mövqe tutanlardan çox da fərqlənmirlər. Bütövlükdə hazırda «üçlüyü» cəmiyyətin əsas ideyaları kimi vacib saymayanlarla, 20-ci əsrin marksistlərini və liberalistlərini bir amal birləşdirir: çağdaş ruhlu islamlıq və türklüyün kölgədə saxlanılması, yaxud da ümumiyyətlə aradan qaldırılması. Bunun əksini düşünənlər isə, müasir ruhlu türkçülük və islamçılığı müdafiə edənlərdir.
Yeri gəlmişkən, ötən əsrin əvvəllərində «üçlüy»ü müdafiə edənlər beynəlmiləl-qlobal ideyaların milli ideyaların üzərində təsirini azaltmaq üçün islamçılıq və türkçülükdəki müasirlik ruhunu önə çəkirdilər. Bu mənada, onlar islamçılıq və türkçülüyə müasirliyi də əlavə etmişdilər. Bu müasirlik ilk baxışda, Qərb mədəniyyəti ilə əlaqələndirilsə də, əsas məqsəd türkçülük və islamçılığın çağdaş ruhunu qabartmaq idi. Bu baxımdan «üçlük»dən çıxış edən aydınlarımızın «Avropa qiyafəli», «Qərb mədəniyyətindənəm» ifadələri müasir ruhlu türkçülük və islamçılıq mülahizəsi ilə səsləşdirilir, bununla da bir növ qloballaşma ideyalarını zərərsizləşdirmək məqsədi güdürdü. Çünki 20-ci əsrin əvvəllərində hazırda olduğu kimi, qərbləşmək, liberalizm, sosial-demokratizm ideyaları geniş yayılmışdı. Bu beynləmiləl ideyaların bir növ «zərərsizləşdirilməsi» üçün milli ideoloqlarımız islamçılıq və türkçülüyün cağdaşlıq ruhunu qabartmağa çalışmışlar. Fikrimizcə, onlar bunu, yəni milli ideyalarla beynləmiləl ideyaları birincinin üstünlüyü şəklində uzlaşdırmaq yolunda çox uğurlu işlər həyata keçirmişlər. Məhz bu cür xəttin tutulmasının nəticəsi olaraq türk-islam dünyasında ilk milli demokratik dövlət olan Azərbaycan Cümhuriyyəti yaranmışdır.
Hətta, həmin dövrdə vətəndaş analayışı da yaranmağa başlamışdır. “Vətəndaş” dedikdə, Azərbaycan Cümhuriyyəti ərazisində yaşayan və özünü bu ölkənin bir üzvü sayan bütün insanlar nəzərdə tutulurdu. Bu bir növ Avropa ölkələrində də istifadə olunan “Vətəndaş” məfhumuna yaxın idi. Bu mənada qərbsayağı, ancaq milli özünəməxsusluğu da qorumaqla “Vətəndaş cəmiyyəti”nin ilk nümunələri Azərbaycan Cümhuriyyəti dövründə yaranmışdır.
Yenicə formalaşmağa, şüurlarda öz yerinin tapmağa çalışan “Vətəndaş” anlayışına SSRİ dövründə “milli burjua” damğası vuruldu. Onun yerini “yoldaş” anlayışı tutdu. “Yoldaş” dedikdə isə, əsasən fəhlə sinfi nəzərdə tutulurdu. Kəndlilər isə fəhlələrin səviyyəsinə çatmağa səy göstərən bir təbəqə kimi qiymətələndirilirdi. Əsas məsələ o idi ki, “Vətəndaş” anlayışı yarımçıq qaldı.
Bütün bunları yazmaqda məqsədimiz odur ki, 20-ci əsrin əvvəllərində olduğu kimi, hazırda da beynəlmiləl ideyalara, qloballaşma proseslərinə milli ideoloqların getdiyi yoldan yanaşmaq, ancaq zamanın tələblərinə də uyğun şəkildə hərəkət etmək lazımdır. Başqa sözlə, beynəlmiləl, qlobal ideyaların qarşısında təslim olmağı qloballaşma prosesi, vətəndaş cəmiyyətinin zəruriliyi kimi başa düşülməş çox yanlışdır. Çünki milli ideyalar olmadan istənilən beynəlmiləl, yaxud da qlobal ideyaların heç bir əhəmiyyəti yoxdur. Üstəlik, beynəlmiləl ideyaların ideyaların aparıcılığı və milli ideyaların kölgədə qalması istənilən millət üçün çox təhlükəlidir. Burada bir amili hökmən nəzərə almaq lazımdır ki, beynəlmiləl ideyalardan adətən, bir millət digər millətlərin üzərində hakim olmaq məqsədi ilə istifadə etmişlər. Məsələn, İranda şiəlik, Osmanlıda osmanlılıq, Rusiyada bolşevizm və s. buna bariz nümunədir. Ona görə də beynəlmiləlçilik, qloballaşma kimi proseslərin təsirinə daha çox dövlətçilik ənənələri zəif, üstəlik müstəqillik təcrübəsi az olan, milli şüuru tam formalaşmayan millətlər qalırlar.
Şimali Azərbaycan türkləri kifayət qədər dövlətçilik ənənələrinə (Xəzər İmperiyası, Sacilər, Qaraqoyunlular, Şirvanşahlar, Səfəvilər və b.) malik olsalar da, son iki əsrin böyük bir dövrünü çar Rusiyası imperiyasının tərkibində yaşamalaırndan dolayı müstəqillik təcrübəsi azalmışdır. Eyni zamanda gənc bir dövlətin əhalisi arasında milli şüurun formalaşması prosesi başa çatmadığına görə, qlobal ideyaların təsirinə daha çox məruz qalan ölkə halına gəlmişdir. Bu baxımdan milli ideyaların, yoxsa beynəlmiləl ideyalarıın hansının vacibliyi məsələsində Azərbaycan xalqının seçim etmək məsələsində ictimai şüur problemi vardır. Xüsusilə, sovet-müstəmləkə nəsil ilə yeni-müstəqil nəsil arasında varislik probleminin bu günə qədər həll olunmaması məsələni daha da mürəkkəbləşdirir. Sovet nəslinin əksəriyyəti daha çox «saxta beynəlmiləlçiliyə» uyğunlaşdığı üçün milli ideyalara münasibətdə «rus kommunizmi» «xəstəliyi»ndən qurtula bilmir. Əvəzində sovet nəsilinin övladları olan yeni nəsilin əksəriyyəti milli ideyaları tam dərk edə bilməydiyi üçün beynəlmiləl ideyalara münasibətdə «modernləşmək» xəstəliyinə tutulur. Belə bir şəraitdə, sovet nəsli ilə yeni nəsil arasında uzlaşdırma tapmaq heç də asan məsələ deyildir. Bu mənada, milli şüurun formalaşması prosesi də mürəkkəbliyi ilə diqqəti cəlb edir. Ona görə də, bəzi sahələrdə ciddi addımlar atılmadan milli şüurun yox yerdən formalaşmasını gözləmək doğru olmazdı.