“Daşınmaz əmlakla bağlı əməliyyatların “ASAN Xidmət”ə verilməsi ilə bağlı müvafiq texniki tədbirlər həyata keçirilir və databaza yaradılır”. Bunu Modern.az-a açıqlamasında Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr üzrə sektor müdiri Anar Hüseynov deyib. “Artıq sabahdan vətəndaşlara həmin xidmətlərin göstərilməsi ilə bağlı fəaliyyətə başlayacağıq. Vətəndaşlar qanunvericilikdə müəyyən olunmuş sənədləri və dövlət rüsumu ödəməklə istədikləri lazımi sənədləri əldə edə biləcəklər. Vətəndaşlar geniş məlumatı 108 çağrı mərkəzi və asan.gov.az saytına daxil olmaqla məlumat əldə edə bilərlər”.
Sektor müdirinin sözlərinə görə, mənzillər üzrə mülkiyyət hüquqlarını ilkin dövlət qeydiyyatı və təkrar qeydiyyata alınması ilə bağlı dövlət rüsumu 30 manat xidmət haqqı ödənməlidir. Vətəndaş onu 20 günə əldə etmək istədikdə haqqa 20 manat əlavə olunur. Müddət 14 gün olduqda isə 30 manat əlavə vəsait ödənilir”.
A. Hüseynov bildirdi ki, bu qiymətlər Bakı, Gəncə, Sumqayıt şəhərinə və Abşeron rayonuna aiddir. “Xidmət haqqı bölgələr üzrə dəyişir. Standart qiymət 30 manatdır”.
Gülşən Raufqızı