“Biz iki qurumda - həm Milli Şurada, həm də Demokratik Qüvvələrin Birliyində təmsil olunuruq. İndi də başqa bir partiya və qurumla danışıqlara getməyə ehtiyac yoxdur. Bu, Müsavat Partiyasına da aiddir”.
Bunu Modern.az-a Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil deyib. O qeyd edib ki, KXCP seçkilərdə həmişə Müsavatı müdafiə edib: “Zaman-zaman Müsavat Partiyası ilə müəyyən münasibətlərimiz olub. Bu münasibətlər normal sonluqla nəticələnməyib. 2000-ci il parlament seçkilərində Müsavatı müdafiə etmişik. 2003-2005-ci illərdə də bütün imkanlarımızı Müsavatın müdafiəsinə yönəltmişik. 2010-cu ildə Müsavat KXCP ilə seçki danışıqlarına başladı. Bir-iki dəfə danışıq getməmiş AXCP ilə əlaqə yaratdılar, bizi kənarda qoydular. Bütün bunlar köhnəlmiş mövzulardır, heç incələmək fikrimiz də yoxdur. Amma hazırda hansısa partiya ilə danışığa getmək fikrimiz yoxdur. Partiya seçkilərə hazırlaşır. Bu istiqamətdə də nə yenilik olacaqsa, mətbuata açıqlanacaq”.
Qeyd edək ki, ötən ilin dekabrında Müsavat Partiyası bəzi siyasi partiya və təşkilatlara əməkdaşlıq və müttəfiqlik sazişinin imzalanmasını təklif edib. Siyasi partiyalardan AXCP Müsavatın bu təklifinə “yox” deyib.
İlkin PİRƏLİ