Modern.az

“Böyüməyən uşaqlar” - “Bu kitabdan dərs götürməliyik!” - TƏQDİMAT

“Böyüməyən uşaqlar”  - “Bu kitabdan dərs götürməliyik!” - TƏQDİMAT

Təhsil

21 Fevral 2014, 13:10

Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların faciəsi...


Bu gün Dağlıq Qarabağın Azərbaycanlı İcmasının qərargahında Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşağın faciəsinə həsr olunmuş “Böyüməyən uşaqlar” kitabının təqdimat mərasimi keçirilib. 
 
Modern.az saytı xəbər verir ki, tədbirdə millət vəkilləri, Şuşa rayonu İcra Hakimiyyətinin nümayəndələri, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
 
“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov çıxışında bildirib ki, Xocalıda hər iki valideynini itirmiş 25 uşaq (indi onlar gəncdirlər-red.) insanlığa sığmayan dəhşətlə qarşılaşıblar. Onun sözlərinə görə, indi həmin gənclərə, eyni zamanda hər bir döyüşçüyə, şəhid ailələrinə diqqət və qayğı ilə yanaşılmalıdır. 
 
B. Səfərov Xocalı faciəsinin 22-ci ildönümünün Azərbaycanda və digər ölkələrdə qeyd ediləcəyini xatırladaraq, bildirib ki, “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir çox ölkələr artıq Xocalıda törədilənləri soyqırımı aktı kimi tanıyıb. B. Səfərov qeyd edib ki, məcburi köçkünlər mənzil təminatı, onların vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı tərəfindən lazımi addımlar atılır. 
 
O, xalqımızın başına gələn faciələrin unudulmaması üçün “Böyüməyən uşaqlar” kimi kitabların əhəmiyyətini vurğulayıb.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva kitabın qeyri-adi formatda yazıldığını diqqətə çatdırıb: “Çünki bu kitabda real obrazların yaşadığı həqiqətlər əks olunub. Bu həqiqətlərin içində biz erməni vandalizminin törətdiyi hadisələrlə tanış oluruq. Hər iki valideynini itirmiş bu uşaqlar heç vaxt böyümədi. Çünki onların gözləri önündə valideynləri qətlə yetirildi. Bu dəhşət onlar var olduqca, gözləri önündə canlanacaq. Bu kitab bitmir. Bu kitabda həyat həqiqətləri ilə bərabər, Xocalı sakinlərinin yaşadığı dəhşətlər, qətllər, 100-lərlə ailənin bir gecədə məhv edilməsi barədə faktlar var. Kitabda həmçinin, minlərlə insanın erməni əsirliyindəki vəziyyəti əks olunub”.  

Vüsalə Fətəliyeva onu da qeyd edib ki, millət vəkilli Rövşən Rzayevin bu kitabın ərsəyə gəlməsində çox böyük dəstəyi olub. Millət vəkilimiz Fuad Muradov isə kitaba ön söz yazıb.

O, bu kitabın ərsəyə gəlməsində göstərdikləri köməyə görə hər iki deputata təşəkkürünü bildirib.

 “Böyüməyən uşaqlar” kitabının müəllifi, Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı deyib ki, kitab bədii təxəyyülün məhsulu deyil. Onun sözlərinə görə, kitabda Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların yaşadıqları dəhşət həmin uşaqların öz dili ilə oxuculara çatdırılır:
“Əslində bu uşaqların yaşadıqları dəhşətlərin kitab halına salınması düşünülmürdü. Lakin biz uşaqların həyat hekayəsini görəndən sonra, düşündük ki, niyə də bu həqiqətləri kitab halında salmayaq. Bu kitab bir örnək olsun deyə, nəşr edilib. Kitab faktlara əsaslanaraq yazılıb, burda bədii təxəyyül yoxdur. Bu kitab oxuyaraq, ağlamaq üçün deyil, toparlanmağımız, gələcəyə baxışımız üçündür”. 
 
Müəllif gələcəkdə kitabın dünya ölkələrinə yayılması məqsədilə bir neçə dilə tərcümə olunacağını vurğulayıb: “Bizim borcumuz bundan sonra bu kitabı fransız, alman, ingilis dillərinə tərcümə edib dünyanın bir çox yerlərində yaymaqdır. Çünki dünya birliyi Xocalıda yaşananları görməlidir. Biz kitabdan dərs götürməliyik. Xocalıda hər iki valideynini itirmiş bu uşaqlar canlı sübutlardır və biz bunları dünyaya çıxarmalıyıq. Dünya görməlidir ki, Xocalıda azyaşlı uşaqların başına hansı dəhşətlər gəlib”. 

Millət vəkili Flora Qasımova Xocalı Soyqırımının bəşər tarixində ən dəhşətli hadisələrdən biri olduğunu vurğulayıb:”Bu uşaqların xatirələri ermənilərə qarşı bir hökmdür. Vaxt gələcək, biz bunlardan fakt kimi istifadə edəcəyik. Hər birimiz  xocalılar qarşısında borcluyuq. Çünki, biz onları xilas edə bilmədik. Serk Sarkisyan bir çıxışında bildirib ki, Azərbaycan xalqı ermənilərə olan nifrətlərini vvətənpərvərlik səviyyəsinə qaldırıblar. Xocalıda törədilən vəhşilikləri başqa kim edə bilər? Nə qədər ki, həmin insanlar cəzalarını almayıblar, Azərbaycan xalqı gərək susmasın. Bütün dünyaya bu həqiqətləri çatdırmalıyıq. Biz o torpaqları qaytarmasaq, bizim bir millət kimi başımızı dik tutmağaa haqqımız yoxdur”.

Millət vəkili onu da bildirib ki, belə tədbirlərin məktəblərdə, universitetlərdə keçirilməsi çox önəmlidir: ”Orta məktəb dərsliklərinə də ermənilərin etdikləri bu vəhşiliklər əlavə olunmalıdır. Çünki, bizim gənclər öz fikirlərindən geri dönmək istəmirlər. Sülhün naminə 26 ildir ki, gözləyirlər. Qisas qiyamətə qalmaz. Yəqin ki, o cinayətkarlardan qisasımız alınacaq”.

"Şərq qəzeti"nin baş redaktoru Akif Aşırlı bu faciənin canlı şahidlərindən biri olduğunu söylədi:” Mən bu faciəni yaşamışam. O zaman 21 yaşım var idi. Xocalı insanlığa qarşı törədilmiş faciədir.  Biz dünyaya Xocalı soyqırımını tanıtmalı, bunun təbliğatını daha geniş şəkildə aparmalıyıq”.

Sonda Akif Aşırlı müəllifi təbrik edib. Və belə bir kitabın ərsəyə gəlməsində göstərdiyi təşəbbüsə görə minnətdarlığını bildirib.

Millət vəkili Məlahət İbrahimqızı Xocalı soyqırımını insanlığın ləkəsi olduğunu bildirdi: “Kitabı əlimə alıb oxuduğum andan etibarən ermənilərə olan nifrətim daha da artdı. Bu kitabın qəhrəmanları ilə tanış olduqca, onların yaşadıqları faciələri, həyat hekayəsini oxuduqca insanında damarında qanı donur. Həmin gecəni atasının soyuqda qoyub gəlmək istəməyəninmi, allah bir daha müharibə göstərsin mən ata-anamı görüm deyəninmi, hansı birinin yaşadığı dəhşətlərdən danışım. 6 yaşında uşağa ölümün nə olduğunu hələ körpə ikən göstərdilər, o mənfurlar...  Bu hadisə insanlığa ləkədir. Düşünürəm ki, biz hər zaman bu uşaqlara borcluyuq və onların bundan sonra əziyyət çəkməmələri üçün əlimizdən gələn köməyi göstərməliyik”.

Millət vəkili Vahid Əhmədov bu faciəni kitab şəklində ərsəyə gətirdiyi üçün ilk öncə müəllifə minnətdarlığını bildirib:”Xocalı faciəsi bizim ən dəhşətli faciəmizdir. 20-ci əsrin faciəsini kitab şəklində ərsəyə gətirilməsi özü təqdirəlayiq bir haldır. Xüsusən də, İlham Əliyevin prezident seçilməsindən sonra Xocalıya daha çox diqqət ayrılmağa başladı. Müxtəlif təbliğatlar keçirildi və artıq dünyanın bir çox yerində Xocalı soyqırımı, erməni vəhşiliyi, törətdikləri cinayətlər  tanınınıb. Xocalıdan olan uşaqlar artıq böyüyüb. Onların xoşbəxtliyi Azərbaycanın müstəqil olmasından ibarətdir. İnanıram ki, Qarabağ məsələsi də tezliklə öz həllini tapacaq və düşmən tapdağında olan torpaqlarımız geri qaytarılacaq”.

Millət vəkili sonda  Bayram Səfərova belə tədbirlərin keçirilməsinə şərait yaratdığı üçün öz minnətdarlığını bildirib.

 






 

 

 

Pərvin Arzuqızı

Foto:Ulduz İbrahimova

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU