
Fevralın 21-də Bakı Apellyasiya Məhkəməsi keçmiş səhiyyə naziri Əli İnsanovun işi üzrə prosesi davam etdirir. Bu gün 2 nəfər şahid ifadəsi verib. Müdafiə tərəfinin qaldırdığı 5 vəsatətin heç biri təmin olunmayıb.
Əli İnsanov 2005-ci ildən həbsdədir. O, korrupsiya ittihamı ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli məhkəmə olunmadığı haqda qərar çıxarıb. Həmin qərara əsaslanan Ali Məhkəmə Plenumu onun işini yenidən baxılması üçün apellyasiya instansiyasına göndərib.
“Azadlıq” radiosunun məlumatına görə, 21 fevral prosesində danışan Əli İnsanov deyib ki, həbsi zamanı tərtib olunmuş protokolun ikinci hissəsini illərdir axtarsa da, tapa bilmir: “Bu mənim hansı şəraitdə saxlandığım, mənə verilən suallar barədə idi. Ona istinad etmək, istifadə etmək üçün axtarıram, tapmıram. Bu hissəni yoxa çıxarıblar”.
Sabiq nazir daha sonra deyib: “Cəmiyyətə belə təqdim ediblər ki, guya Əli İnsanovun evindən qızıl külçələr çıxıb. Belə bir şey olmayıb, əgər qızıl külçə tapılıbsa, gətirilsin məhkəmədə nümayiş olunsun. Avropa Məhkəməsi mənim günahsız olduğumu sübut etdi. Baxmayaraq ki, məni dövlət çevrilişində, korrupsiyada ittiham ediblər. Milli Təhlükəsizlik Nazirliyində mənim işimlə bağlı 5 min adam ifadə verib. Heç biri mənə pul verdiyini, yaxud mənim rüşvət istədiyimi deməyib. Saxlanma zamanı da 20-yə yaxın adam ifadə verib, MTN-in təzyiqlərinə baxmayaraq əleyhimə ifadə verməyiblər”.
Məhbus səhiyyə naziri xələfi Oqtay Şirəliyevi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəni, Prezident Administrasiyasının şöbə müdiri Fatma Abdullazadəni, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovu məhkəmədə dindirməyi tələb edib.