“Avro-4 standartının tətbiqi insanlarda çaşqınlıq yaradıb. Bu, haqlı narahatlıqdır”. Bunu Modern.az-a “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı Avro-4 standartının tətbiq olunacağı ilə bağlı insanlarda yaranan narahatlığa aydınlıq gətirərkən deyib:
“Standartın tətbiqi dövriyyədə olan avtomobillərə şamil olunmur. Bu, həmin tarixdən etibarən gömrükdən keçərək ölkəyə gətiriləcək avtomobillərə şamil ediləcək. Bu, ekoloji standartdır. Onun respublika daxilində istismarda olan avtomobillərə tətbiq edilməsi hələ ki, gözlənilmir. Gələcəkdə avtomobillərin utilizasiyası ilə bağlı qərar verilə bilər, lakin bu da gündəmdə deyil”.
Utilizasiya nədir?
R.Osmanlının sözlərinə görə, utilizasiya MDB məkanında bir çox ölkələrin təcrübəsində tətbiq edilir: “Rusiya, Qazaxıstan və Ukraynada utilizasiya var. Bu köhnə avtomobillərin alınaraq təkrar emala göndərilməsidir. Həmin avtomobillərdən yenə də avtomobil sənayesində istifadə olunur. Əks təqdirdə metal zavodlarına təhvil verilir. Ən vacib məqmlardan biri odur ki, utilizasiya gedən nəqliyyat vasitəsinin sahibi öz avtomobilinin dəyərini almalıdır. Birdən-birə 2000-ci ilə qədər istehsal olunan avtomobillərin dövriyyədən çıxarılması qərarının verilməsi düzgün yanaşma olmaz. Bu kifayət qədər ciddi sosial problemlərin yaranmasına səbəb ola bilər. Bu baxımdan burda mütərəqqi anlayış yolu seçilməlidir. Təbii, Azərbaycan hökumətinin mövcud imkanları buna cavab verir ki, utilizasiya zamanı avtomobil sahiblərinə ədalətli, bazar dəyərində kompensasiya ödənilsin”.
Avtomobil parkının 70 faizi utilizasiya oluna bilər
Osmanlının fikrincə, utilizasiya baş verəcəyi təqdirdə dövlətin özünün yanaşması lazım olacaq: “Avrostandartların tətbiq olunduğu ilə qədər avtomobillərin istismarda çıxarılması baş versə, bu Azərbaycan avtomobil parkının təxminən 70 faizini əhatə edəcək. Düşünürəm ki, ilkin olaraq sovet dövrünün maşınlarından başlamaq olar. Rusiya istehsalı olan, SSRİ dövründən qalan, 85-90-cı illərə qədər istehsal olan maşınlar istismardan çıxarılmalıdır. Bu gün Azərbaycanda 70-ci illər istehsalı olan avtomobillər var. Məhz onlardan başlamaq lazımdır”.
Kreditlərin bərpası, ləğvinə bərabərdir
Ekspert onu da bildirib ki, avtomobillərin kreditlə satışına artıq qərar verilib. Bu gündən qərar qüvvədədir. Təəssüflər olsun ki, bu kreditin dayandırılması ilə eynilik təşkil edir. Köhnə avtomobillərə görə 80 faiz ilkin ödəniş, yeni avtomobillərə görə isə 50 faiz ilkin ödəniş nəzərdə tutulub. Bu, absurd bir məsələdir. Yeni avtomobillərdə hardasa bunu başa düşmək mümkündür. Köhnə avtomobillərdə, ümumiyyətlə anlaşılmaz bir vəziyyət yaranıb”.
Gülşən Raufqızı