Bakının qədim məhəllələrindən sayılan “Sovetski”dəki bunaların fevralın 18-də söküntüsünə başlanılsa da, proses müvəqqəti olaraq dayandırılıb. Modern.az saytının əməkdaşının bu gün ərazidə apardığı araşdırmalara görə, söküntünün dayandırılması burada yaşayan əhali, eləcə də ofis sahibləri ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında ödəniləcək kompensasiya ilə bağlı hər iki tərəfi təmin edəcək razılaşmanın əldə olunmaması ilə bağlıdır.
Qeyd edək ki, ötən bir neçə gün ərzində ərazidə bəzi söküntü işləri aparılıb. Bunu oradan çəkilmiş fotolardan da görmək mümkündür. Hətta mənzil sahiblərinin razılığı ilə bəzi binalar artıq yerlə yeksan edilib. Bu mənzərəni seyr etdikdə sual yaranır:
“Görəsən, həmi mənzillərin sahiblərinə hər kvadratmetr üçün nə qədər kompensasiya ödənilib?”.
Böyük bir söküntü işi aparılan ərazinin yaxınlığında yaşayan Anar adlı sakin bizimlə söhbətində söküntü ilə bağlı hazırkı vəziyyət haqda məlumat verdi. Onun dediyinə görə, ilkin söhbət zamanı hər kvadratmetr sahə üçün təklif olunan kompensasiya məbləği o qədər də sərfəli rəqəm deyil. Anar sökülən binanın on addımlığında yaşayır. Dediyinə görə, dördotaqlı mənzili 84 kvadratmetrdir. Bundan əlavə 50 kvadratmetrə yaxın zirzəmisi də var:
“Mənzillərin söküləcəyi məsələsi gündəmə gələndə ev axtarışına başladım. 8-ci kilometr qəsəbəsində ikiotaqlı mənzili ən yaxşı halda 65-70 min dollara almaq mümkündür. Bizə isə ilkin təklif olunan pulla yeni mənzil almaq çətindir”.
Həmsöhbətim yaxınlıqda bir neçə gün əvvəl sökülən mənzil sahiblərinə kifayət qədər sərfəli kompensasiya ödənildiyini də bildirdi. Onun sözlərinə görə, həmin ərazidə hər kvadratmetrə 2500-3000 min manat arası pul ödənilib.
Digər məlumata görə, bu ərazini hansısa firma aldığından sakinlərin komprensasiya ilə bağlı tələbləri o qədər çətin həll olunmayıb. Söküntü yerində isə çoxmərtəbəli binaların tikiləcəyi haqda da məlumatlar var.
Başqa bir məlumata görə, ərazini üzbəüzdəki ofisin sahibi alıb və burada maşın dayanacağı inşa tikiləcək. Ancaq bir faktı da qeyd edək ki, böyük hissəsi dağıdılan mənzillərin arxa hissəsində hələ də bir neçə mənzil qalmaqdadır. Deyilənə görə, burada yaşayanlarla hələ ki kompensasiya məbləği ilə bağlı razılığa gəlmək mümkün olmayıb.
Həmsöhbətimiz Anar da deyir ki, hər kvadratmetrinə ən azı 2500 manat ödənilərsə, sabahdan çıxıb getməyə hazırdır.
Ərazidə olarkən bir faktın da şahidi olduq. Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov söküntü ilə bağlı yaranan narazılıq səbəbindən sakinlərlə görüşündə deyirdi ki, “Sovetski”dəki köhnə binaların yerində yalnız park salınacaq. Bizim apardığımız müşahidələr isə göstərir ki, (bunu fotolarda görmə mümkündür) köhnə binaların yerində böyük tikinti işləri aparılmasına hazırlıq gedir. Bəzi yerdə isə artıq bünövrələr tökülür.
A.Əzizov