Nəqliyyat naziri Ziya Məmmədov mayın 24-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində selektor müşavirəsi keçirib. Modern.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin məlumatına görə, Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin törətdiyi fəsadlardan sonra dəmir yolunda yaranmış vəziyyətlə bağlı son vəziyyət müşavirədə ətraflı müzakirə olunub.
Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılmış Hökumət Komissiyasının üzvü, nəqliyyat naziri Ziya Məmmədov şimal, cənub və qərb istiqamətində hərəkət edən qatarların normal fəaliyyətinin təmin edilməsi ilə bağlı konkret göstərişlərini verib. Sel və daşqınlardan zərər çəkmiş ərazilərdə işlərin sürətləndirilməsi, xüsusilə Şirvan stansiyasına müvafiq yüklərin vaxtında çatdırılması üçün qüvvələrin səfərbər olunması barədə müvafiq göstərişlər verən Z. Məmmədov digər qurumların işçi qüvvəsinin və texnikasının da dəmir yolu ilə daşınmalı olan yüklərin stansiyalara vaxtında çatdırılması prosesinə cəlb olunması və görülən işlərin diqqət mərkəzində saxlanılması ilə bağlı tapşırıqlarını verib.
Yeri gəlmişkən, Ziya Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti “Nəqliyyat və İnnovasiya: potensialın həyata keçirilməsi” mövzusunda Beynəlxalq Forumda iştirak edəcək.
Nazirin rəhbərliyi ilə bir qrup nəqliyyatçı Almaniya Federativ Respublikasına yola düşüb. Məqsəd mayın 26-28-də Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunda iştirak etməkdir.
Forumda 50-dən artıq dövlətin nəqliyyat nazirləri, sənaye rəhbərləri və ekspertləri iştirak edir.
Modern.az