Moskva və Bakı Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin və Azərbaycanın baş prokuroru Kamran Əliyev səviyyəsində problemli məsələləri müzakirə edir, onlar daimi təmasdadırlar.
Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Bu təmaslar zamanı onlar problemli görünən məsələləri həll edirlər", - Kreml sözçüsü jurnalistlərə bildirib.
Dmitri Peskovun sözlərinə görə, Bakıda saxlanılan rusların görüntülərindən Kremlin xəbəri var.
Rusiya prezidentinin mətbuat katibi əmin edib ki, Rusiya hakimiyyəti diplomatik kanallar vasitəsilə vətəndaşların maraqlarını qorumaq və bunun üçün bütün mümkün vasitələrdən istifadə etmək niyyətindədir.
Xatırladaq ki, iyunun 27-də Yekaterinburqda OMON dəstələrinin azərbaycanlıların yaşadıqları evlərə basqını, onlara qarşı vəhşi davranış sərgiləməsi, Ziyəddin və Hüseyn Səfərov qardaşlarının işgəncələr nəticəsində öldürülməsindən sonra iki ölkə arasında münasibətlər gərginləşib.