Daxili işlər naziri, general-polkovnik Ramil Usubov fevralın 22-də Şirvan şəhərində respublikanın 10 rayonundan olan vətəndaşların növbəti qəbulunu keçirib.
Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis Şöbəsində Şirvan, Sabirabad, Salyan, Neftçala, Hacıqabul, Biləsuvar, İmişli, Zərdab və Saatlı şəhər və rayonlarında yaşayan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir onların müraciətlərini dinləmiş, qaldırılan məsələlərin operativ şəkildə həll edilməsi üçün aidiyyatı xidmət rəhbərlərinə konkret tapşırıqlar verilib.
Müraciətlərin böyük əksəriyyəti görüş zamanı öz həllini tapıb və polisin səlahiyyətinə aid olmayan məsələlərə dair ərizələrin müvafiq dövlət orqanlarına göndəriləcəyi və onların həllinin nəzarətdə saxlanılacağı diqqətə çatdırılıb.
Qəbulda iştirak edənlər bölgələrdə vətəndaşlarla mütəmadi keçirilən görüşlərə, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən müraciətlərə operativ münasibətə və həssas yanaşılmasına görə dövlətimizin başçısına minnətdarlıq edib, onun ölkəmizin sürətli inkişafına yönəlmiş ardıcıl və qətiyyətli siyasi kursunu bundan sonra da dəstəkləyəcəklərini vurğulayıblar.
Modern.az