Bu gün Yeni Azərbaycan Partiyası Nəsimi Rayon Təşkilatının ofisində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirilib.
Modern.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Gənclər Birliyinin Nəsimi rayon ərazisində yerləşən ali məktəblər - Azərbaycan Dövlət Neft Akademiyası (ADNA), Azərbaycan Dillər Universiteti (ADU), Bakı Slavyan Universiteti (BSU), və Azərbaycan Tibb Universitetində (ATU) təhsil alan əcnəbi tələbələr öz dillərində Xocalı faciəsinin dəhşətlərindən danışıblar.
Azərbaycan Dillər Universitetində təhsil alan türkiyəli tələbə Savran Efqanın Xocalı faciəsi haqqında emosional çıxış edib.
O qeyd edib ki, Xocalı faciəsi bir dəhşətdir: “Xocalıda yaşayan Axıska türkləri də öldürülüblər. Gənc qadınların gözləri pendir kimi kəsilib, körpələr amansızlıqla qətlə yetirilib. Təəssüf ki, hələ də dünya dövlətləri erməni vəhşiliyinə layiqli qiymət verməyib”.
YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı Xocalı soyqırımının dəhşətləri haqqında Azərbaycanda təhsil alan əcnəbi tələbələrin dilindən eşitməyin zəruriliyini vurğulayıb: “Əslində, tədbirdə çox danışmaq fikrim yoxdu. Xocalı dəhşətlərini Azərbaycanda təhsil alan xarici tələbələrin dilindən eşitmək, onların hisslərini duymaq daha gərəklidir. Çünki bu faciə insanlığa qarşı dəhşətli hadisədir”.
Millət vəkili Sahibə Qafarova da Xocalı soyqırımının bir dəhşət olduğunu deyib: “Bu faciə heç bir zaman unudulmayacaq. Xocalı faciəsi zamanı insanlar erməni vəhşiliyinin qurbanı olub. Biz hamılıqla çalışmalıyıq ki, dünya bu faciəyə biganə qalmasın”.
Tədbirin sonunda Xocalı faciəsini əks etdirən video-rolik də nümayiş olunub.
Namidə BİNGÖL
Foto: Rafiq QƏMBƏR