Azərbaycan və özbək xalqlarını ortaq tarixi köklər, dini dəyərlər, çoxəsrlik dostluq münasibətləri, oxşar mədəniyyət və ənənələr birləşdirir. Xalqlarımız arasında formalaşmış qarşılıqlı hörmət və etimad mühiti dövlətlərarası münasibətlərin də dinamik inkişafına güclü təkan verir. Təxminən bir il öncə - 2024-cü ilin avqustunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması ilə qardaş ölkələrimizin tərəfdaşlıq əlaqələri yeni mərhələyə yüksəldi.
Modern.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qeyd edib.
Azərbaycan və Özbəkistan prezidentləri arasındakı dostluq münasibətlərinin, yüksəksəviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasındakı əlaqələrin dinamik inkişafında müstəsna rol oynadığını söyləyən Şahin İsmayılov Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərinin, aparılan müzakirələrin, imzalanan sənədlərin əməkdaşlığın şaxələndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
“Azərbaycan Prezidenti İlham Əliyevin mətbuata bəyanatında qeyd etdiyi kimi, ölkələrimiz artıq bir ildir ki, rəsmi müttəfiqdirlər və bunu beynəlxalq arenada fəal qarşılıqlı fəaliyyətlə, dəstəklə, həmçinin bir çox sahədə həyata keçirilən konkret plan və layihələrlə nümayiş etdirirlər Bu xüsusda, Azərbaycan və Özbəkistan arasında yaradılmış İnvestisiya Fondu artıq iqtisadi əməkdaşlığın möhkəmlənməsi və genişlənməsi, müxtəlif sahələrdə tərəfdaşlıq imkanlarının səmərəli şəkildə reallaşdırılmasına töhfələr verir”, - deyə komitə sədri vurğulayıb.
Komitə sədri qeyd edib ki, Xankəndidə Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan tikiş fabriki artıq fəaliyyət göstərir. Bu fabrik tarixi torpaqlarımızda məşğulluq səviyyəsinin artırılması, yüngül sənayenin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Şahin İsmayılov işğaldan azad olunmuş Füzuli şəhərində özbək xalqı adından hədiyyə olaraq inşa edilən 960 şagird yerlik Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin Azərbaycan-Özbəkistan qardaşlığını, birliyini təcəssüm etdirən bir məqam olduğunu bildirərək deyib: “Qarabağın bərpası istiqamətində görülən işlərə dəstək məqsədilə qardaş ölkə tərəfindən inşa olunan bu məktəbdə təhsil alan gənc nəsil xalqlarımız və ölkələrimiz arasındakı tarixi bağların daha da gücləndirilməsinə dəyərli töhfələr verəcəklər”.