Ukraynada vəziyyət getdikcə dramatikləşir. Ali Rada “Ukrayna prezidentinin konstitusion səlahiyyətlərinin icrasından kənarlaşdırılması haqqında” qərar qəbul edib. Bu qərara əsasən, parlament Ukraynada növbədənkənar prezident seçkilərinin vaxtını elan edib. Ukrayna KİV-lərinin məlumatına görə, Ukraynada növbəti prezident seçkiləri mayın 25-nə təyin edilib.
Son hadisələr Ukraynada siyasi böhranın yeni mərhələyə qədəm qoyduğunu deməyə əsas verir. Prezident Viktor Yanukoviç Kiyevi tərk etsə də, hakimiyyətdən imtina etməyib. Ukraynanın siyasi qüvvələri yeni hakimiyyət formalaşdırmaq haqda məsləhətləşmələr aparır.Ukraynalı deputat Nikolay Katerinçuk Ali Radada keçirilmiş brifinqdə prezident Viktor Yanukoviçin istefa verməyə hazır olduğunu bildirirb. “Arseni Yatsenyukun prezidentlə telefon söhbəti olub. Telefonda Viktor Yanukoviç Yatsenyua deyib ki, istefa ərizəsini yazacaq. İndi onun dediyinin sənədlə təsdiqlənməsini gözləyirik”, -deyə Katerinçuk deyib.
Yanukoviçin müşaviri Anna German prezident Yanukoviçin Xarkovda olduğunu bildirib, lakin Yanukoviçi Xarkov şəhərində hələlik görən olmayıb.
Ukrayna KİV-lərinin yaydığı bəzi məlumatlara görə, Yanukoviç Rusiyaya gedib. Amma xəbər hələki təsdiqini tapmayıb.