Bu gün Müsavat Partiyasının başqanı, Azərbaycan parlamentinin eks-spikeri İsa Qəmbərin 57 yaşı tamam olub.
İsa Yunis oğlu Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində dünyaya gəlib. Atası Yunis Heydər oğlu Qəmbərov kimya elmləri doktoru, Azərbaycan EA-nın müxbir üzvü, SSRİ-də tanınmış kimyaçı-alim, anası Tahirə Abbas qızı Qəmbərova kimya elmləri namizədi olub.
İsa Qəmbər 1964-1974-cü illərdə 62 saylı Bakı şəhər orta məktəbində təhsil alıb. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı bitirib. 1979-1982-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-1990-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla bağlı tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub. Akademiyada işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri geniş tədqiq edib, Qərb ölkələrinin siyasi həyatı ilə maraqlanıb. "1978-1979-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazıb. AXC-nin yaradıcılarından biri, ilk İH-nin üzvü,1990-1991-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub.
1990-cı ildə xalq deputatı seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib.
1992-ci il may-iyun aylarında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib. Müsavatı bərpa edən mərkəzə rəhbərlik edib və 1992-ci ilin noyabr ayında Müsavat Partiyasının III Bərpa Qurultayında təşkilatın başqanı seçilib.
2003-cü ildə "Bizim Azərbaycan" blokunin prezidentliyə onun namizədi olub. 2003-cü il Prezident seçkilərinin rəsmi nəticələrinə görə 8 namizəd arasında 13.97% səs toplayaraq 2-ci yer tutub.
Evlidir, 2 oğlu var: Turqut Qəmbər və İlkin Qəmbər. Həyat yoldaşı Aida Rəhim qızı Qəmbər (Bağırova) tarix elmləri namizədi, Bakı Dövlət Universitetinin dosentidir.
Modern.az