Modern.az

Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır?

Zəngəzur dəhlizinin açılması an məsələsidir: Böyük dövlətlər nə planlayır?

Aktual

5 İyul 2025, 16:04

Zəngəzur dəhlizi: Böyük güclərin kəsişən maraqları

 

2020-ci ildə 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz səfərdən sonra noyabrın 8-də Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanat imzalandı. Bəyanatın müddəalarından biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. Cənubi Qafqaz regionunun taleyini dəyişəcək strateji layihələrdən biri olan Zəngəzur dəhlizi təkcə Azərbaycanın nəqliyyat xəritəsini yenidən çəkmir, həm də bölgədə geosiyasi çəkişmələrin mərkəzinə çevrilib. Azərbaycanın təşəbbüsü ilə gündəmə gələn bu dəhliz artıq yalnız regional deyil, qlobal güclərin planlarında mühüm yer tutur. 

 

Ölkəmiz üçün Zəngəzur dəhlizi iki səbəbdən həyati əhəmiyyət kəsb edir. Bu səbəblərdən birincisi, Naxçıvan Muxtar Respublikası ilə birbaşa quru əlaqəsinin qurulmasıdır. Hazırda Azərbaycanla Naxçıvan arasında əsas yük daşımaları İran üzərindən keçir ki, bu da həm xərcləri artırır, həm də siyasi risklər yaradır. Zəngəzur dəhlizi isə Azərbaycanın ərazi bütövlüyünün daha tam təmininə xidmət edəcək.

 

Digər önəmli məqam isə ondan ibarətdir ki, dəhliz Azərbaycanı Orta Dəhliz xətti ilə Türkiyə, Mərkəzi Asiya və Avropa bazarlarına bağlayır. Beləliklə bu dəhliz ölkəmiz üçün həm də iqtisadi fürsətdir.

 

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarının tərkib hissəsidir və regionda əməkdaşlığa yol açır.

 

Modern.az Zəngəzur dəhlizi ilə bağlı müxtəlif böyük dövlətlərin planlarını araşdırıb.

 

ABŞ

ABŞ-nin Zəngəzur dəhlizi ilə bağl maraqları çoxqatlıdır. Rəsmi Vaşinqton bir tərəfdən regionda sabitliyin tərəfdarıdır. Digər tərəfdən isə Rusiya və İranın təsirinin zəifləməsini istəyir.

 

ABŞ diplomatları hesab edir ki, Zəngəzur dəhlizi Ermənistanın iqtisadi blokadadan çıxmasına yardım edə bilər. Eyni zamanda ABŞ Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəhlizin qarşılıqlı razılaşma əsasında reallaşmasını vacib sayır. Hətta bu yaxınlarda ABŞ-nin Bakı və İrəvana təklifi gündəmə gəlib. Belə ki, Karnegi Fondu Zəngəzur dəhlizi ilə bağlı məqalə yayımlayıb. Karnegi Fondu Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün ABŞ-nin prosesə qoşulduğunu bəyan edib.



“Bu gün ABŞ danışıqları canlandıra bilər. İki xarici diplomat bildirib ki, dünyada münaqişələrin həlli kursunu götürən Donald Tramp administrasiyası artıq Ermənistan və Azərbaycana öz planını təklif edib. Ümumiyyətlə, bu plan Aİ-nin təkliflərini təkrarlayır, lakin Amerika məntiqinə əsaslanır: Amerika biznesinin birbaşa iştirakı ilə sazişin davamlılığına zəmanət vermək – məsələn, Ukraynada nadir metallar üzrə sövdələşmədə baş verdiyi kimi.

 

Bununla belə, Vaşinqton prosesin “ölü nöqtə”dən hərəkətə keçməsi üçün çox səy göstərməli olacaq. İki mümkün variant var. Birincisi, sülh sazişini imzalamaq üçün Azərbaycanı Ermənistan konstitusiyası ilə bağlı irəli sürdüyü tələblərdən imtina etməyə inandırmaqdır. 

 

İkinci, daha real variant isə marşrutun Ermənistan hissəsinə tam nəzarət tələbindən imtina etməsi - İrəvana Amerika modeli ilə razılaşması üçün təzyiq göstərməkdir. Çox güman ki, bu, həm də o demək olacaq ki, Ermənistan sülh sazişinin tez bir zamanda imzalanmasına, deməli, bütün sərhədlərin açılmasına və uzun illər təcrid vəziyyətinə son qoyulmasına ümidlərini itirməli olacaq.

 

Türkiyə

Qardaş Türkiyə Respublikası da Zəngəzur dəhlizinin strateji əhəmiyyətini yüksək dəyərləndirir. Rəsmi Ankara bu layihəni təkcə Azərbaycanla münasibətlərin inkişafı üçün deyil, bütövlükdə Türk dünyasını birləşdirəcək “qızıl körpü” kimi təqdim edir. Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında qeyd edib ki, Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar yaradacaq.

 

Türkiyə lideri Zəngəzur dəhlizini təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi gördüyünü bildirib.

 

"Zəngəzur dəhlizinin açılışı həm də Orta Dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzər dənizindən keçərək Mərkəzi Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir".

 

Ərdoğan onu da əlavə edib ki, Ermənistan əvvəlcə Zəngəzur dəhlizinin əleyhinə olsa da, iqtisadi inteqrasiyada iştirak etmək üçün daha çevik yanaşma nümayiş etdirir: "Bu regionun inkişafı təkcə Azərbaycana deyil, Ermənistan, Türkiyə, İran və digər ölkələr üçün bir fürsətdir".

 

Rusiya

Rusiya Zəngəzur dəhlizinə həm iqtisadi, həm də hərbi-siyasi prizmadan baxır. Kreml bu marşrutu Cənubi Qafqazda öz təsirini qorumaq üçün strateji alət kimi görür.

 

Rusiyanın əsas istəyi odur ki, dəhliz onun nəzarətindən kənara çıxmasın. Moskva sərhəd xidmətlərinin və təhlükəsizlik təminatının öz əlində qalmasını tələb edir. Bəzi ekspertlər hesab edir ki, Rusiya bu dəhlizi Qərbin bölgəyə təsirini məhdudlaşdırmaq üçün “rəqabət aləti” kimi istifadə etmək niyyətindədir.

 

İran

İran Zəngəzur dəhlizinə ən skeptik yanaşan regional gücdür. Tehran hesab edir ki, dəhlizin açılması Ermənistanı geoiqtisadi baxımdan sıxışdıracaq, İran-Ermənistan sərhədini isə geosiyasi baxımdan əhəmiyyətsizləşdirəcək.

 

İran həm də belə düşünür ki, dəhlizin yaranması bölgəyə Türkiyə və Qərbin təsirini artıracaq. Bunun qarşısını almaq üçün Tehran öz ərazisindən keçən alternativ marşrutları təklif edir.

 

İran rəsmiləri bir neçə dəfə bəyan ediblər ki, Ermənistanın regionda təcridi yolverilməzdir və Zəngəzur dəhlizi bölgədə balansı poza bilər. Cənub qonşumuz həm də bu məsələni "qırmızı xətt" kimi görür.

 

Çin

Çin Zəngəzur dəhlizini “Bir Kəmər, Bir Yol” təşəbbüsünün tərkib hissəsi kimi qiymətləndirir. Pekin üçün bu marşrut Orta Dəhlizi qısaldır və Avropaya yükdaşımaları sürətləndirir.

 

Çin regionda sabitlik istəyir. Çünki sabitlik iqtisadi layihələrin, xüsusilə infrastrukturun inkişafı üçün vacibdir. Zəngəzur dəhlizi isə Pekin üçün həm iqtisadi, həm də strateji üstünlük yaradır.

 

Avropa İttifaqı

Avropa İttifaqı Zəngəzur dəhlizinə müsbət yanaşır. Rəsmi Brüssel bu dəhlizi Cənubi Qafqazın iqtisadi inteqrasiyasının, alternativ enerji marşrutlarının və Avropa bazarlarına daha təhlükəsiz yolların təminatı kimi qiymətləndirir.

 

Eyni zamanda Aİ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını, sərhədlərin açılmasını və regionun sabitliyini dəstəkləyir. 


Sonda qeyd etmək lazımdır ki, Zəngəzur dəhlizi təkcə iqtisadi layihə deyil. Bu, böyük güclərin maraqlarının kəsişdiyi, regionun gələcəyini formalaşdıracaq strateji marşrutdur. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI