ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə Prezident Donald Trampla birgə keçirilən iclasda Azərbyacanla Ermənistan arasında sülhdən danışıb.
“Ümid edirəm ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi kifayət qədər tez bir zamanda əldə olunacaq. Hindistan və Pakistan arasında müharibənin qarşısını aldıq və sona çatdırdıq. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi, eyni zamanda, Amerika əməliyyatı ilə sona çatan 12 günlük müharibə - biz dünyada bunu edə biləcək yeganə ölkəyik”, – deyə o qeyd edib.
“Münaqişələrin kökündən həll olunmadığı görünür”
Modern.az-a açıqlamasında siyasi şərhçi Elşad Mirbəşiroğlu bildirib ki, ABŞ dövlət katibinin həll etdikləri dediyi heç bir məsələ köklü şəkildə aradan qaldırılmayıb:
“Bəli, ABŞ dövlət katibi Marko Rubionun dediklərində həqiqət var. ABŞ Hindistanla Pakistan arasında qısamüddətli, lakin şiddətli başlayan münaqişəni dayandıra bildi, eyni mövqeni Konqo Demokratik Respublikası ilə Ruanda arasında sazişin imzalanmasında da göstərib. ABŞ-nin bombardmanlarından sonra qısa zaman kəsiyində İranla İsrail arasında da atəşkəs əldə olundu. Amma burada məsələyə dərindən yanaşmaq lazımdır. Əslinə qalsa, bunların heç biri münaqişələrin aradan qaldırılması və sülhün əldə edilməsi deyil. Burada Marko Rubio sadəcə olaraq, siyasi bilef edir, ABŞ-a əlavə xal qazandırmaq istəyir. Eyni zamanda dövlət katibi ABŞ-nin Ermənistanla Azərbaycan arasında da sülhün əldə olunmasında həlledici rola iddialı olduğunu deyir. Lakin yenə deyirəm, qeyd olunan məsələrdə heç bir halda münaqişə köklü halda aradan qaldırılmayıb, sadəcə olaraq, münaqişələrin əlamətləri aradan götürülüb. Bu, çox vacib məqamdır. Donald Tramp və Marko Rubio özləri bunu çox yaxşı bilirlər. Əslinə qalsa, hər üç halda münaqişə potensialı çox yüksəkdir. Yəni bu mənada ABŞ-nin ciddi uğurundan danışmaq olmaz”.
“ABŞ proseslərdə təyinedici rola malik olmaq, öz maraqlarını təmin etmək istəyir”
Siyasi şərhçi vurğulayıb ki, ABŞ bir halda sülhə töhfə verə bilər:
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin bağlanmasına gəldikdə, biz öz torpaqlarımızı işğaldan azad etmişik. Torpaqlarımızı işğaldan azad etdikdən sonra ABŞ Konqresində də ölkəmizə qarşı çox qərəzli müzakirələrin aparıldığına, qətnamələrin qəbul olunmasına şahidlik etdik. Düzdür, bu, demokratların administrasiyası dövründə olub. Tramp bundan fərqli davrana bilərmi?
ABŞ-də sistemin siyasəti var, ayrı-ayrı şəxslərin yox. Yəni ABŞ çox güman ki, sadəcə olaraq, regionda vəziyyəti idarə edə bilər. Düşünürəm ki, Ermənistanla Azərbyacan arasında etibarlı, dayanıqlı sülh sazişi imzalanacaqsa, bu, mütləq şəkildə Azərbaycanın özünün formalaşdırdığı yeni geosiyasi reallıqlar kontekstində və malik olduğu güc mövqeyi fonunda mümkün ola bilər. Yəni bu gün Ermənistanı sülh istiqamətində addım atmağa vadar edən Azərbaycandır. Burada biz nə ABŞ-nin, nə də digər regiondankənar dövlətlərin rolunu görməmişik. Bu mənada, bəli, ABŞ proseslərdə təyinedici rola malik olmaq istəyir. Amma hesab edirəm ki, ABŞ sadəcə olaraq prosesləri idarə etmək istəyir. Ermənistan konstitusiyasını dəyişməlidir. Bu, Azərbaycanın çox haqlı tələbidir. Minsk qrupunun buraxılması ilə bağlı da ayrıca müraciət olunmalıdır. İlkin addımlar bunlardan ibarət olmalıdır. ABŞ bu istiqamətdə Ermənistana təzyiqlə bir nəticə əldə edə bilərsə, o zaman bu məsələyə daha ciddi yanaşa bilərik. Amma indiki şəraitdə, son yaranmış vəziyyətdə hər hansı dəyişiklik olmadan ABŞ-nin Azərbaycanla Ermənistan arasında sülh bağlamağa cəhdlər göstərməsi, açılacağı təqdirdə Zəngəzur dəhlizi üzərində ABŞ-yə məxsus logistika şirkətin nəzarətinin təmin olunması təklifini irəli sürməsi aydın göstərir ki, Vaşinqton Cənubi Qafqazda özünün geosiaysi ambisyalarını həyata keçirmək istəyir. ABŞ-nin geosiyasi ambisyaları varsa, deməli, burada onun uduşundan, maraqlarının təmin olunmasından söhbət gedir. Azərbaycan öz maraqları ilə yanaşı, regional maraqları, təhlükəsizliyi də təmin etmək gücünü təmin edən, bunda istəkli olan dövlətdir. Biz hər bir addımımızı həmişə olduğu kimi, ölçülü-biçili ataraq ən optimal nəticələri əldə edəcəyik”.