Modern.az

Əbu-Dabidə sülh havası, diplomatiya silahları susdura bilər - TƏHLİL 

Əbu-Dabidə sülh havası, diplomatiya silahları susdura bilər - TƏHLİL 

Analitika

10 İyul 2025, 09:59

2025-ci ilin 10 iyulunda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş, Cənubi Qafqazın son dörd onillik tarixində dönüş nöqtəsi sayıla bilər. Bu, iki dövlətin rəhbərlərinin 40 ilə yaxın davam edən qanlı münaqişə fonunda ilk dəfə olaraq bu qədər rəsmi və geniş tərkibli nümayəndə heyətləri ilə bir araya gəldiyi görüşdür.
Bu görüş regionda dərinləşmiş münaqişə psixologiyasından çıxışın, normallaşma iradəsinin ifadəsidir.
Azərbaycan uzun illərdir ki, bu istiqamətdə mübarizə aparır, sülh üçün mücadilə verir.

Əbu-Dabi mesajı

BƏƏ-də keçirilən görüş xüsusi geosiyasi çalar verir. Bu, bir tərəfdən Azərbaycanın müsəlman dünyasında nüfuzunun göstəricisidirsə, digər tərəfdən Ermənistanın bu nüfuza qarşı getdikcə daha açıq bir anlayış və inteqrasiya istəyi ilə baxdığını deyir.
Əbu-Dabi yeni güc mərkəzlərindən biri kimi, Cənubi Qafqazın gələcəyində söz sahibi olmaq istəyən tərəflər üçün neytral və etibarlı platforma rolunu oynayır. 

Geniş nümayəndə heyətləri, sistemli hazırlıq

Görüşə hər iki tərəfdən yüksək səviyyəli rəsmilərin, təhlükəsizlik və xarici siyasət qurumlarının rəhbərlərinin qatılması hüquqi, təhlükəsizlik, kommunikasiya və iqtisadi müstəvilərdə davamlı sənədlərlə möhkəmləndiriləcəyini göstərir. 

Sülh bütün regionu dəyişəcək

Əgər danışıqlar real nəticə verərsə, bu, Cənubi Qafqazın gələcək konturunu dəyişəcək. Təkcə Ermənistan və Azərbaycan arasında sərhədlər çəkilməyəcək, həm də yeni iqtisadi koridorlar, enerji əməkdaşlığı, nəqliyyat arteriyaları, insan və mal axını üçün sabitlik yaradılacaq. Bu sülh həm də Gürcüstan, Türkiyə, İran və Rusiya kimi oyunçuların rolunu yenidən tənzimləyəcək.

Sülhə qarşı olanlar, kimlər itirir…

Bu prosesin ən sərt tənqidçiləri regionda uzun illər boyu münaqişədən faydalanan qüvvələrdir.
Ermənistandakı revanşist qüvvələr, İran daxilindəki ermənipərəst dairələr, Rusiyanın bəzi strukturları, Qərbdə Cənubi Qafqazda daimi gərginlikdən faydalanan lobbilər bu görüşdən çox məyusdurlar.
Bu qüvvələr üçün sülh təsir imkanlarının azalması deməkdir. Amma bu dəfə region xalqları bu sülhü könüllə istəyir.

Ərazi iddialarına son, sülh müqaviləsinin əsas sütunu

Əgər bu danışıqlar uğurla nəticələnərsə, Ermənistan ilk dəfə olaraq Azərbaycanın ərazi bütövlüyünü rəsmi sənədlə tanımış olacaq. Bu, “Qarabağ məsələsi”nin hüquqi və siyasi olaraq sonlanması deməkdir. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığı ilə hüquqlarını qorumaq şansı əldə edəcəklər.
Əslində isə Azərbaycan dəfələrlə bəyan edib ki, onun Konstitusiyası çərçivəsində ermənilər Qarabağda Azərbaycan vətəndaşı kimi sərbəst yaşaya bilərlər.

Analar ölmək üçün yox, toy üçün oğul böyütsünlər

Əliyevin siyasi ritorikasında hər dəfə hiss edilən əsas mesaj humanistlikdir: “Biz müharibə istəmirik”. Bu cümlə sadəcə siyasi bəyanat kimi qiymətləndirilməməlidir. Azərbaycan xalqının səsidir. Müharibələrdən yorulmuş bir regionda artıq silahlar susmalı, körpülər qurulmalıdır.

Analar öz övladlarını cəbhəyə yox, universitetə göndərmək, toylarını görmək, gələcək üçün böyütmək istəyir.
Bu, Azərbaycanın istəyidir. 

Azərbaycanın iradəsi, sülh istəyən qalib ölkə

Azərbaycan bu prosesdə qalib və təşəbbüskar tərəfdir. 2020-ci ildəki Vətən müharibəsində öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycan indi sülh masasında da liderlik edir. Bu həm hərbi, həm diplomatik uğurun göstəricisidir.

Əliyev bu prosesdə liderdir. Bunu Ermənistan da, dünya da qəbul edir. Ancaq bu görüşdə Əliyev həm də strateq, inamlı və sülhə gedən yolda nümunəvi dövlət başçısı kimi çıxış edir.

Paşinyan və reallığın qəbulu

Paşinyan da artıq bu həqiqəti dərk edir. Ermənistanın gələcəyi Azərbaycanla normal qonşuluq münasibətlərindən keçir. Qərbyönlü kursunu qorumaq istəyirsə, əvvəlcə qonşuları ilə problemlərini çözməlidir. Bu görüş həm də Paşinyanın daxili təzyiqlərə baxmayaraq verdiyi strateji qərarın nəticəsidir.

Sülhün alternativi sülhdür

Əbu-Dabi görüşü sübut edir ki, istək və siyasi iradə olduğu təqdirdə, 40 illik düşmənçilik də tarix ola bilər. Bu, sadəcə bir protokol yox, yeni dövrün başlanğıcı ola bilər. Azərbaycan bu dövrə hazırdır. Ermənistan hazır olacaqmı, bunu zaman göstərəcək.
Bir həqiqət artıq yerini tutur.
Paşinyan özündə iradə tapsa, sülh mümkün deyilmiş deyənlərə  Əbu-Dabi görüşü tutarlı cavabdır, yəni sülh çox mümkündür!

Elnur ƏMİROV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi