Hazırda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə sülh danışıqları çərçivəsində görüş keçirilir. Azərbaycan və Ermənistan liderlərinin görüşü əvvəlcə nümayəndə heyətlərinin iştirakı ilə gerçəkləşib, sonra təkbətək formatda davam edib.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Şahin Mustafayev, Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər naziri Ceyhun Bayramov və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov daxildir.
Ermənistan nümayəndə heyətinin tərkibində isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan, xarici işlər naziri Ararat Mirzoyan, Baş nazirin müavini Mher Qriqoryan və parlamentin sədr müavini Ruben Rubinyan təmsil olunub.
Görüş dünya mediasının da diqqətindədir.
Modern.az xəbər verir ki, Rusiya, Türkiyə, İran kimi ölkələrin KİV-lərində görüşlə bağlı informasiyalar verilib.
Türkiyə mediası məsələyə geniş yer ayırıb. “Haber Global”da görüşlə bağlı məlumat verilib və axırıncı dəfə İlham Əliyevlə Paşinyanın Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısında bir araya gəldiyi yazılıb.
Əlavə olunub ki, mart ayında Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov sülh sazişinin mətninə dair müzakirələrin yekunlaşdığı ilə bağlı bəyanat verib, amma buna baxmayaraq rəsmi İrəvan konkret addımlar atmayıb.
Həmçinin Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəaların çıxarılmasının kritik önəmi vurğulanıb. İki ölkə sərhədində xarici təmsilçilərin olmamasının və ATƏT-in Minsk qrupunun ləğv edilməsinin vacibliyi də qeyd edilib. Bildirilib ki, bütün bu kritik məsələlərin Əliyev-Paşinyan görüşündə müzakirə ediləcəyi gözlənilir.
Rusiyanın rəsmi dövlət informasiya agentliyi TASS liderlərin görüşünün başlaması ilə bağlı qısa xəbər yayıb. Məlumatda həmçinin nümayəndə heyətlərinin kimlərdən ibarət olması barədə informasiya verilib.
İranın "Mehr" İnformasiya agentliyi Azərbaycan Prezidentinin mətbuat xidmətinə istinadən iki ölkə lideri arasında görüşün başlamasından yazıb.
Həmçinin qeyd edək ki, Azərbaycan və Ermənistan mediasında da görüş ciddi şəkildə diqqətdə saxlanılır.