Müsavat Partiyasının Divan üzvü Nüşabə Sadıxlının Modern.az-a müsahibəsi:
- Başqanlığa namizədliyinizi verəcəksiniz?
- Başqanlığa namizədliyimi irəli sürmək istəyirəm. Təbii ki, ehtiyac olacaqsa, bu addımı atacam. Yəni, qəbul etdiyim, güvəndiyim insanlar namizədliklərini irəli sürəcəklərsə, o zaman namizədliyimi irəli sürməyəcəm. Namizədliyimi irəli sürməsəm, səbəb yalnız bu olacaq.
- Sizin Müsavatda güvəndiyiniz namizəd kimdir?
- Müsavatda tanınmış, sözünü demiş insanlar çoxdur. Hələ ki heç kim namizədliyini irəli sürməyib. Yəni, namizədlər bəlli olandan sonra bunu nəzərdən keçirəcəm. İndidən bir söz deyə bilmərəm.
- Hazırda diqqət başqanlığa iddialılardan Arif Hacılı və Qubad İbadoğlunun üzərində cəmlənib. Siz hansını dəstəkləyirsiniz?
- Hər ikisi uğurlu namizəddir. Doğrudan da, bu şəxslər başqanlığa layiqli insanlardır. Amma başqanlığa namizədlər rəsmən elan olunduqdan sonra münasibətimi bildirəcəm.
- Gecikdiyinizi düşünmürsünüz? Artıq bəzi namizədlər təbliğata başlayıblar...
- Müsavat Partiyasında təbliğata başlamağa ehtiyac yoxdur. Məncə, heç kim təbliğata başlamayıb. Çünki hamı bir-birini yaxşı tanıyır. Kim namizədliyini verəcəksə, ona kimlərin səs verəcəyi də məlumdur. Təbliğata o insanlar başlayır ki, elektoratın müəyyən hissəsində onlar haqqında təsəvvür yoxdur, yaxud yaxşı tanınmır. Məncə, Müsavatda belə şeyə ehtiyac yoxdur.
- İsa Qəmbərin başqanlıqda qalmasının tərəfdarısınız. Qurultayda başqanın iki dəfədən artıq müddətə seçilməsi məsələni qaldıracaqsınızmı?
- İsa bəyin başqan kimi qalmasını istəyirəm. Təbii ki, nizamnamədə dəyişiklik məsələsi qaldırılacaq. Çalışacağıq ki, İsa bəy başqanlıqda qalsın. Amma İsa bəyin başqanlıq məsələsi, təkcə qurultayla bağlı deyil. Bu, həm də İsa bəyin öz istəyindən asılıdır. Nə dərəcədə İsa bəy bu istəyə qarşı gedəcək, bəlli deyil.
- Başqanın seçilməsi səlahiyyətlərinin Müsavat Məclisinə verilməsi ilə bağlı təkliflər var. Bu təklifə münasibətiniz necədir?
- Bu, nizamnamə ilə bağlı olan bir şeydir. Məncə, başqan qurultayda seçilməlidir. Müsavat gözlənilməz hadisələrlə qarşılaşa biləcəyimiz partiyadır. Yəni, bu partiyada fikir müxtəlifliyi mövcuddur. Qurultay başqan seçilməsinin səlahiyyətlərini Məclisə verilməsi ilə bağlı qərar qəbul edərsə, yəqin ki, elə olar. Yəni, mümkündür.
- Müsavatda yeni başqan hansı dəyişiklikləri etməlidir?
- Təbii, müəyyən dəyişikliklər olacaq. Amma dəyişikliklərin qlobal olacağını düşünmürəm. Çünki Müsavatın siyasi kursu məlumdur. Bu partiyanın 100 illik təcrübəsi var. Ola bilsin, struktur dəyişikliyi edilsin. Deyə bilmərəm, dəyişikliklər nədən ibarət olacaq. Özüm başqan seçilərəmsə, dəyişikliklərin nədən ibarət olacağını açıqlayacam.
- Bu cür iddialar da var ki, İsa bəy başqanlıqdan gedəndən sonra Müsavatda müəyyən qopmalar olacaq. Siz necə düşünürsüz?
- Böyük ayrılıqlar olacağını düşünmürəm. Bilirsiniz, siyasi partiyada müəyyən zamanlarda gələnlər-gedənlər olur. Ola bilər, kimlərsə getsin. Şəxsən Müsavata gəlişim partiyanın idealogiyasına və İsa Qəmbərin başqan olmasına görə idi. Çünki mənim üçün əsas partiyanın başında duran şəxsin mənəviyyatı, əxlaqı, apardığı siyasət çox önəmlidir. İndi ola bilər, seçkidən sonra kimsə kimisə qəbul etməyəcək və partiyadan gedəcək. Amma düşünürəm ki, bu qopmalar kütləvi olmayacaq.
- Siz də belə bir addım ata bilərsiniz?
- Mümkün deyil. Ömrümün sonuna qədər müsavatçıyam. Çalışacağıq ki, partiyaya layiqli namizəd başqan seçilsin.
İlkin PİRƏLİ