Gəncə Dövlət Universitetində (GDU) "Gənc alimlərin" elmi konfransı çərçivəsində Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Nurlana Həmzəyevanın müəllifi olduğu "Azərbaycanın arxeologiyası, etnoqrafiyası" adlı dərs vəsaitinin təqdimatı olub.
Universitetin Humanitar məsələr üzrə prorektoru Gülsüm Fətəliyeva, Elm və İnnovasiyalar üzrə prorektor, millət vəkili Pərvin Kərimzadə, AMEA- nın Gəncə bölməsinin Nizami Gəncəvi mərkəzinin direktoru Əlimuxtar Muxtarov, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Gəncə şəhər şöbəsinin sədri Müzadil Həsənov, Azərbaycan tarixi kafedrasının müdiri Gülarə Əliyeva və iştirakçılar çıxış edərək kitab haqqında fikirlərini səsləndiriblər. Diqqətə çatdırılıb ki, dərs vəsaiti ali məktəb müəllimləri, tələbələr, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Azərbaycan ərazisində qədim sivilizasiyaların öyrənilməsi üçün əhəmiyyəti böyük olan bu dərs vəsaiti iki hissədən Azərbaycan arxeologiyası və etnoqrafiyasından ibarətdir. Bununla yanaşı kitabda ölkəmizin zəngin mədəni irsi, onun qorunub saxlanılması və təbliği haqqında məlumatlar da əksini tapıb.
Sonda müəllif Nurlana Həmzəyeva universitetdə sağlam elmi və işgüzar mühit yaratdığına, habelə gənc alimlər üçün yaradılan şəraitə görə Gəncə Dövlət Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd edək ki, GDU-da ənənəvi olaraq hər il keçirilən "Gənc alimlər" elmi konfransı gənc tədqiqatçılara və elm adamlarına dəstək olmaq məqsədi daşıyır.