Modern.az

Azərbaycanda süni intellektin tədrisində ciddi çatışmazlıqlar var

Azərbaycanda süni intellektin tədrisində ciddi çatışmazlıqlar var

Təhsil

12 İyul 2025, 10:36

Süni intellekt artıq müasir dünyanın əsas tələblərindən birinə çevrilib və bu texnologiyanın tətbiq sahələri gündən-günə genişlənməkdə davam edir. Bu baxımdan indi müxtəlif sahələrdə süni intellektin inkişaf etmiş formalarına rast gəlmək mümkündür və yaxın gələcəkdə onun ölkəmizdə də daha geniş şəkildə istifadə olunacağı ehtimal edilir.

Mövzu ilə bağlı Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva Modern.az-a bildirib ki, birmənalı olaraq, süni intellekt fənni uşaqlara erkən yaşlardan aşılanmalıdır. Onun sözlərinə görə, süni intellekt gələcəyin əsas elm sahələrindən biridir. Bununla belə, uşaqlar üçün bu fənnin baza səviyyəsində tədrisi olduqca sadə və anlaşıqlı bir dildə aparılmalıdır:

“Hazırda Azərbaycanda süni intellekt fənninin tədrisi ilkin mərhələdədir və bu istiqamətdə bir sıra çatışmazlıqlar müşahidə olunur. Təəssüf ki, xarici ölkələrin bu sahədəki təcrübələri yetərincə araşdırılmayıb, eyni zamanda paralel təhlillər və müqayisələr də tam şəkildə aparılmayıb. Bu səbəbdən hesab edirəm ki, hələ görüləsi çox iş var”.

S.Əliyeva onu da diqqətə çatdırıb ki, keyfiyyətli tədrisə başlamazdan əvvəl ilk növbədə keyfiyyətli mütəxəssislər hazırlanmalıdır:

“Bu mütəxəssislər bir neçə xarici ölkədə ixtisasartırma kursları keçməli və həmin ölkələrin praktiki təcrübələrini dərindən öyrənməlidirlər. Daha sonra bu təcrübələr təhlil olunaraq sistemləşdirilməli və dərsliklərdə öz əksini tapmalıdır. Yalnız bundan sonra süni intellekt sahəsində real və davamlı inkişafdan danışmaq olar”.

"Müşahidələrimə əsasən deyə bilərəm ki, hazırda Yaponiya, Cənubi Koreya və Çin bu fənnin tədrisində ABŞ-ı belə geridə qoyur. Hətta bu sahədə mövcud olan ədəbiyyatın böyük bir hissəsi yapon və çin dillərindədir", -deyə o qeyd edib.

Təhsil eksperti Ramin Nurəliyev isə deyib ki, süni intellekt təkcə texnologiya və sənaye sahələrində deyil, eyni zamanda pedaqoji istiqamətdə də tətbiq olunmağa başlayıb:

“Türkiyədə artıq süni intellekt texnologiyası ilə hazırlanmış müəllimin sinfə daxil olması və tədris prosesində iştirak etməsi göstərir ki, gələcəkdə pedaqoji sahədə də bu texnologiyadan istifadə qaçınılmaz olacaq. Əgər süni intellekt müəllimi əvəz edərək, dərsi daha effektiv və ideal şəkildə tədris edərsə, bu onu göstərir ki, gələcəkdə zəif müəllimlərin tədris prosesindən kənarlaşdırılması baş verəcək”.

Ekspert hesab edir ki, süni intellektin inkişafı yaxın gələcəkdə bir sıra peşələrdə ixtisarların baş verməsinə səbəb ola bilər:

“Əgər texnologiya müəyyən ixtisas sahələrində insan faktorunu əvəz edə biləcəksə, bu zaman iş imkanlarının məhdudlaşması qaçılmaz olacaq. Bu baxımdan hər bir kadr öz sahəsini mükəmməl bilməli, süni intellektin onun alternativ vasitə kimi əvəzləməsinə yol verməməlidir. Əks halda düşünürəm ki, belə kadrlar başqa sahələrə, məsələn kənd təsərrüfatına yönəlmək məcburiyyətində qala bilərlər”.

O həmçinin qeyd edib ki, ali təhsil müəssisələrində və orta ümumi təhsil məktəblərində süni intellektin tətbiqi hələ istənilən səviyyədə deyil:

“Biz hələ təcrübəmizdə bu texnologiyanı geniş şəkildə tətbiq edə bilmirik. Ola bilsin ki, buna hazır deyilik. Amma hesab edirəm ki, növbəti 10 il ərzində süni intellekt bütün sahələri əhatə edəcək və biz elə bu səbəbdən ona uyğun addımlar atmalıyıq”.

Ramin Nurəliyevin fikrincə, gələcəkdə bir çox ixtisaslar distant və ya hibrid təhsil formatı ilə əvəz oluna bilər:

“Əgər süni intellekt təcrübəli müəllimi əvəz edə biləcəksə, bu zaman distant və hibrid təhsil ənənəvi təhsildən daha üstün olacaq. Artıq elə proqramlar var ki, onlar 100 nəfərin görəcəyi işi bir elektron formada icra edə bilir. Bu da gələcəkdə mütəxəssislərin sayının azalmasına səbəb ola bilər”.

R.Nurəliyev onu da əlavə edib ki, süni intellektə münasibət birmənalı şəkildə müsbət olmalı, texnologiyanın inkişafını gözləmədən bu istiqamətdə təməl addımlar atılmalıdır:

“Biz artıq orta məktəblərdə bu texnologiyaya yer ayırmalıyıq. Köhnə yanaşmaları bir kənara qoyaraq yeni dövrün - informasiya və süni intellekt əsrinin tələblərinə uyğunlaşmalıyıq. Abituriyentlər də ixtisas seçimini qloballaşmanın reallıqlarına uyğun şəkildə etməlidirlər”.
 

Aytac Bəhruzqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi