“ Rusiya Gürcüstana qarşı növbəti təxribat planları, provakasiyalar hazırlayır”. Modern.az “Qruziya Onlayn” saytına istinadən xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maya Pancikidze ABŞ-ın vitse-prezidenti Cozef Baydenlə görüşünün sonunda bildirib. XİN başçısı deyib ki, Kreml rəsmi Tiflisin Avropa Birliyi ilə assosiativ üzvlük sazişi imzalamasına razılıq verməsindən narahatdır. Onun sözlərinə görə ABŞ Gürcüstan hakimiyyətinin Rusiya ilə münasibətləri normallaşdırması istiqamətində atdığı konstruktiv addımları alqışlayır. Gürcü nazir onu da qeyd edib ki, rəsmi Tiflisin səylərinə baxmayaraq Rusiya tərəfi işğal xəttinin uzanmasını istəyir. “Rusiya təhlükəsizlik zonasını Soçi Olimpiadasından sonra ləğv etməyi söz versə də, vədinə əməl etmədi. Ancaq hadislərin gedişatı, Gürcüstanın Avropaya inteqrasiyası Rusiyada qısqanclıq yaradır. Gürcüstanın Avropa Birliyi ilə assosiativ saziş imzalamasına qədər Rusiya bizə qarşı çox təxribatlar hazırlayacaq”-deyə M. Pancikidze vurğulayıb.
Aqşin Kərimov