Modern.az

Məhkəməyə verilən sayt rəhbəri: “ANS-in iddiası ilə hüquqşünas məşğuldur”

Məhkəməyə verilən sayt rəhbəri: “ANS-in iddiası ilə hüquqşünas məşğuldur”

25 Fevral 2014, 12:53

“ANS-in iddiası ilə saytın hüquqşünası məşğuldur. Ona görə mən sizə hələ bir şey deyə bilmərəm. Hüquqşünas məsələni araşdırdıqdan sonra açıqlama verəcəyəm. Yəqin ki, bu açıqlama qarşıdakı bir neçə gün ərzində olacaq. Növbəti məhkəmə prosesində ya mən, ya səlahiyyətli bir nümayəndə iştirak edəcək”. Bunu Modern.az-a açıqlamasında İnterpress.az saytının baş redaktoru İlham Sərxanlı deyib.

Xatırladaq ki, ANS TV işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığı iddiası ilə AzNews.az, İnterpress.az, Azvision.az, Demokratiya.info, Axar.az, Publika.az, Dunyatv.az, Realxeber.az, Etatist.com, Xalqxeber.az, Baymedia.az, Avrasiya.net, Marka.az. saytlarını məhkəməyə verib. İlk məhkəmə prosesi isə dünən keçirilmiş və məhkəmədə qarşı tərəf qismində İnterpress.az saytı iştirak etməli olsa da, sayt rəhbərliyi məhkəmədə iştirakdan imtina edib. Onlar bunu iddiaçı tərəfin ərizəsindən məlumatsız olmaqları ilə əlaqələndirib.

ANS-in İnterpress.az saytına qarşı qaldırdığı məhkəmə iddiasında qeyd olunur ki, sayt telekanal rəhbərinin şərəf və ləyaqətinə xələl gətirən, ANS-in ictimai nüfuzuna zərbə vuran material yayımlayıb. Kanal məhkəmədən xahiş edir ki, saytdan təkzib verməsi və mənəvi ziyana 200 min (iki yüz min manat) manat cərimə edilməsi ilə bağlı qərar çıxarsın.

Misranə Həsənzadə

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU