Modern.az

İmam Mustafayev: Azərbaycanın 9-cu rəhbəri

İmam Mustafayev: Azərbaycanın 9-cu rəhbəri

25 Fevral 2014, 14:13

Bu gün akademik İmam Mustafayevin doğum günüdür. Modern.az Azərbaycanın rəhbərlərindən biri olmuş bu şəxsin tərcümeyi-halından bəzi məqamları oxuculara xatırladır.

İmam Mustafayev 1910-cu ilin bu günündə Qax rayonunun Əmbərçay kəndində, kasıb kəndli ailəsində anadan olub. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932 -ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnsitutunu bitirir. 1934-1940 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləyir. Ən sonda Azərbaycanın 9-cu rəhbəri olan bu şəxs hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 1959-cu ildə “bacarıqsızlıq” bəhanəsi ilə vəzifəsindən azad edilir və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarılır. Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri və direktoru da olan bu şəxs  akademik, tanınmış ictimai xadim İmam Mustafaayevdir.

O, Azərbaycanın çətin vaxtlarında ona şərəflə xidmət edən, milli təəssübkeşliyini çəkən şəxslərdən biri kimi 1954-cü ildən 1959-cü ilə qədər Azərbaycana rəhbərlik edib. İ. Mustafayevin tərcümeyi-halında ən önəmli səhifə Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyada təsdiqlənməsidir.

XX əsrin 50-ci illəri... Stalinin ölümündən sonra  SSRİ adlanan “xalqlar həbsxanasında” dəyişikliklər başladı. Bu dövrə ilıqlaşma, yumşalma dövrü də deyilir.  Buzlar, ağır-ağır da olsa, əriməyə məhkum idi. Sov. İKP-nin XX qurultayı Stalin cinayətlərini adıyla çağırdı, şəxsiyyətə pərəstişi ifşa etdi. Ölkə reabilitasiya dövrünü yaşamağa başladı. Repressiya, deportasiya qurbanları bəraət aldılar. Adını çəkdiyimiz qurultayda, hətta müttəfiq respublikaların hüquqları artırıldı. Məhz bu dönəmdə İmam Mustafayev kimi bir elm və ictimai xadimin Azərbaycana rəhbər gətirilməsi bu üstünlükləri daha da artırır. Buna qədər o, Azərbaycan SSR dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan xalq torpaq komissarının 1-ci müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışır. Bütün bu işlərlə yanaşı o, həm də elmi fəaliyyətini də davam  etdirir. Elə elmdən ayrılmaması İ. Mustafayevin milli və maarifçilik təşəbbüskarı kimi fəaliyyətinə səbəb olur. Doğrudur, o, çox keçmədən vəzifəsindən uzaqlaşdırılacaqdı. Çünki onun Mərkəzə sərf etməyən fəaliyyəti çoxlarını narazı salırdı. Amma o, çox şeyə dözə bildi. Yəni onunla bərabər rəhbərliyə gətirilmiş mərhum xalq yazıçısı Mirzə İbrahimov və ictimai xadim Sadıq Rəhimov bu təzyiqlərə dözə bilmədilər. Tez bir zamanda “xəstəlik” səbəbindən vəzifədən gedəsi oldular. Amma sərasər 5 il hər şeyə rəğmən işini davam etdirən İmam Mustafayev axırda özünün ən ali missiyasını həyata keçirə bilir. Yəni Azərbaycan dili artıq onun rəhbərliyi müddətində dövlət dili olur.  

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU