Nərimanov Rayon İcra Hakimiyyətində bütövlükdə bəşəriyyətə qarşı törədilmiş tarixi cinayət olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş faciə qurbanlarının xatirəsini anma mərasimi keçirilib.
Modern.az xəbər verir ki, mərasimdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 nəfər gənc və rayonun ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkün və şəhid ailələri iştirak edib. Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Xocalı faciəsi haqqında danışaraq, bu faciənin tariximdəki ən qanlı hadisələrdən biri olduğunu söyləyib: “Bu qanlı faciəni bizim vətənimizdə törədənlər öz cəzalarını alacaqlar. Xocalının yer üzündən silinməsində keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayı da yaxından iştirak edib, şəhərin dinc əhalisinə divan tutulmasında canfəşanlıq göstərib, nəticədə görünməmiş vəhşiliklər törədilib. Bu qanlı faciə zamanı dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib, meyitlər təhqir olunub, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərinin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərin 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Qadınlar, qocalar, uşaqlar, hətta südəmər körpələr qəddarlıqla qətlə yetirilib, süngüdən keçiriliblər.”
İcra başçısı çıxışında xüsusi olaraq vurğulayıb ki, bu sahədə məqsədyönlü fəaliyyət Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıdandan sonra başlanıb. Onun təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan edilib. Heydər Əliyevin sayəsində Xocalı soyqırımının dünyaya tanıdılması istiqamətində xeyli iş görüldü. O, hər il faciənin ildönümündə bu qanlı qətliamın bütün azərbaycanlıların qan yaddaşına çevrildiyini daim vurğulayıb. A.Fərzəliyev Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımı haqqında həqiqətlərin artıq beynəlxalq ictimaiyyət tərəfindən tanınmaqda olduğunu xüsusilə vurğulayıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev Xocalı soyqırımının ən ağır fafiələrdən biri olduğunu vurğulayıb: “Prezidenti İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
Anım mərasimi rayonun bir qrup gənc tələbələrinin hazırladığı Xocalı soyqırımına həsr olunmuş və burada törədilən dəhşətləri əks etdirən ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Sonda Rayon İcra Hakimiyyəti tərəfindən Xocalıdan olan şəhid ailələrinə və Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş 25 nəfər gəncə birdəfəlik maddi yardımlar göstərilib.
Pərvin ARZUQIZI