Azərbaycan Prezidenti İlham Əliyev "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, “Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu boru kəməri və Trans-Adriatik boru kəməri layihələrində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payı və digər maliyyə öhdəliklərinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi barədə Dövlət Komissiyasının təklifi nəzərə alınaraq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti nizamnamə kapitalı 100 milyon ABŞ dolları təşkil edən və səhmlərinin 51 faizi dövlət mülkiyyətində, 49 faizi isə ARDNŞ-ə məxsus olan qapalı səhmdar cəmiyyəti təsis edilib.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsini və Cəmiyyətə layihələr üzrə bu sərəncama əsasən keçən iştirak paylarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin, geri qaytarılmaq şərti ilə Cəmiyyətə uzunmüddətli investisiya edilməsini təmin etməlidir.
Dövlət Komissiyası təyin etdiyi nümayəndələr vasitəsi ilə Cəmiyyətin Müşahidə Şurasında təmsil olunur.
Cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin sahibliyi və idarə edilməsi İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilir və həmin səhmlər üzrə dividendlər Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.
Bu sərəncama əsasən, Cəmiyyətə investisiya edilən vəsait tam geri qaytarılanadək onun bütün layihələrdən əldə etdiyi gəlir Azərbaycan Respublikasının Dövlət Neft Fonduna köçürülür.
Modern.az