Modern.az

Xocalı prokurorunun soyqırımdan öncə Ayaz Mütəllibova vurduğu teleqramın mətni

Xocalı prokurorunun soyqırımdan öncə Ayaz Mütəllibova vurduğu teleqramın mətni

Ölkə

26 Fevral 2014, 10:24


Xocalı soyqırımı zamanı Xocalıda prokuror işləmiş Atakişi Atakişiyev Modern.az-a soyqırımdan bir neçə gün öncə o zaman Azərbaycan prezidenti olan Ayaz Mütəllibova vurduğu teleqram barədə açıqlama verib.

“Xocalı şəhərində 3 ildən çox prokuror işləmişəm. Xocalıda prokuror işlədiyim vaxtlarda vəziyyət gərginliyə doğru gedirdi. Təbii ki, Xocalı faciəsinin baş verəcəyindən xəbərdar idim. Ona görə də 1991-ci ilin 27 dekabr tarixində Azərbaycan Respublikasının prezidenti Ayaz Mütəllibova teleqram göndərdim. Teleqramda qeyd etdim ki, Qarabağın Cəmilli və Tuğ kəndlərindən azərbaycanlıları erməni quldurları çıxardıblar. Malıbəylidə vəziyyət olduqca ağırdır. Dağlıq Qarabağda erməni quldurları üçün ən təhlükəli yer Xocalıdır. Çünki Xocalı Əsgəranın və Xankəndinin ortasında yerləşir. Burda dəmir yolu və aeroport var. Xocalı şəhərinə Əsgəran ilə Xankəndi arasından olan yol 25-30 gündür ki, bağlanılıb. Gediş-gəliş yoxdu. Bu günə kimi belə vəziyyətdə heç bir kömək olmadan yaşayırıq. Xüsusilə, yerli milis şöbəsi, aeroport milisi, öz yaratdığımız milli müdafiə dəstələri fədakarlıq göstərir. Bizi başa düşün ki, nə demək istəyirik. Artıq xalq Xocalını tərk etmək üzrədir. Xocalı əhalisi Xocalını tərk etdikdə Əsgəranla Xankəndi arası açılacaq”  

Atakişi Atakişiyevin sözlərinə görə bütün olanlardan Ayaz Mütəllibovun xəbəri var imiş: “Teleqramda Ayaz Mütəllibova yaralıları aparmağa təcili yardım maşının olmadığını yazmışdım. Təsəvvür edin, adi sarğı materialı belə yox idi. Teleqramın sonunda yazmışdım ki, Ayaz müəllim, biz sizdən təxirəsalınmadan kömək və ümid gözləyirik. Sonra bizim üçün gec olar. Xocalıda un da yoxdur. Bizə təcili kömək edin”.

Sabiq prokuror deyir ki, onun bu teleqramına əhəmiyyət verilməyib.

 

Namidə BİNGÖL

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi