Modern.az xəbər verir ki, fevralın 25-də Milli İncəsənət Muzeyində ölkəmizdə səfərdə olan Çexiya Respublikasının Ostrova şəhər Tarix və İncəsənət Muzeyinin direktoru və Çexiyada fəaliyyət göstərən Azərbaycan və Xəzər Mədəniyyət Forumunun direktoru, professor Devid Mayer ilə görüş keçirilib. Görüşdən əvvəl iştirakçılar Xocalı hadisələrinin 22-ci ildönümünə həsr edilmiş Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi ilə tanış olublar. Sonra tədbir iştirakçıları Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tariximizin ən faciəli səhifələrindən olan Xocalı soyqırımı haqqında danışıb, Xocalı hadisələrinin ilk dəfə soyqırımı kimi qəbul edən ölkələrdən birinin də məhz Çexiya olduğu vurğuyıb. Daha sonra nazir müavini tədbirə toplaşanlara çexiyalı alim haqqında məlumat verib. Bildirib ki, Devid Mayer fevralın 25-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşüb və ölkəmizlə bağlı yeni layihə barədə naziri məlumatlandırıb. Əbülfəs Qarayev layihə ilə tanış olduqdan sonra onun təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib. Devid Mayer öz növbəsində yeni layihə haqqında məlumat verib. Bildirib ki, yeni layihə Azərbaycan mədəniyyəti və tarixini təbliğ edən saytın yaradılmasını nəzərdə tutur. Devid Mayer bu sahədə Azərbaycanın muzeyləri ilə sıx əməkdaşlığa ehtiyac duyduğunu dəfələrlə vurğulayıb. Sənətşünas alim bildirib ki, sayt Avropada, eləcə də dünyada Azərbaycan incəsənətinin, şəxsiyyətlərinin və tarixinin təbliğinə, ölkəmiz haqqında bütün faktların doğru-düzgün işıqlandırılmasına xidmət edəcək. O, saytın ərsəyə gəlməsində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyi və Milli Azərbaycan Tarixi Muzeyi, ümumiyyətlə bütün Azərbaycan muzeyləri və alimləri ilə əməkdaşlığın vacıbliyini vurğulayıb. Devid Mayer layihənin əhəmiyyətini bir daha diqqətə çatdıraraq saytda Qarabağ həqiqətlərindən bəhs edən ayrıca bölmənin də mühüm yer alacağını söyləyib. Sayt ingilis, rus və alman dillərində fəaliyyət göstərəcək.
Azərbaycan və Çexiya arasında mədəni əlaqələri möhkəmləndirmək üçün bütün muzey və elm adamlarını birgə əməkdaşlığa dəvət edən Devid Mayer bu ilin sonunda Çexiyada keçiriləcək və Azərbaycan həsr edilən sərgi haqqında da məlumat verib.