Modern.az xəbər verir ki, bu gün İstanbulda qadın voleybolçulardan ibarət Bakının “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışının yarımfinal mərhələsində “Fənərbaxça” klubu ilə qarşılaşıb. Oyun zamanı Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Azəryol” komandasının təşəbbüsü və İstanbuldakı Baş konsulluğumuzun və İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə Xocalı şəhidlərimiz anılmışdır. Voleybolçularımız şəhidlərimizin xatirəsinə ehtiram olaraq, oyun başlarkən üzərinə 3 dildə “Xocalıya Ədalət” yazılmış banner ilə bir dəqiqəlik sükutla şəhidlərimizi yad edib meydana qollarında qara sarğı ilə çıxıblar. Stadionda isə azarkeşlərimiz “Xocalıya Ədalət” kampanyasının köynəklərini geyinərək komandamıza dəstək olublar. Məqsəd bu dəhşətli faciəni dünya ictimayyətinin, o cümlədən Türkiyə ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq olub.
Oyun Bakı vaxtı ilə saat 19-da baş tutub. İstanbul təmsilçiləri üç setdə oyunu öz xeyirlərinə həll ediblər: 3-0. Hakim olaraq qarşılaşmanı fransız Yaniç Kaladay və bolqar İvaylo İvanov idarə ediblər. Xatırladaq ki istanbullular cavab oyunu ilə martın 1-də Bakıda “Azəryol”un qonağı olacaqlar.
Modern.az