Zəngin tarixi ənənələrə malik Azərbaycan mətbuatı çətin, lakin şərəfli inkişaf yolu keçib. 1875-ci ildə Həsən bəy Zərdabinin redaktorluğu ilə “Əkinçi” qəzetinin nəşrə başlaması ilə əsası qoyulan milli mətbuatımız uzun illər ərzində maarifçilik ideyalarının yayılmasında, ictimai şüurun formalaşmasında mühüm rol oynayıb.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov qeyd edib.
Müstəqillik dövründə ölkəmizdə medianın inkişafı istiqamətində görülən işlərdən bəhs edən komitə sədri bildirib ki, Azərbaycan xalqının xilaskarı, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə söz və mətbuat azadlığının təmin olunması istiqamətində mühüm addımlar atıldı. Ulu Öndər ölkənin müharibə şəraitində olmasına baxmayaraq, ilk olaraq hərbi senzuranı, 1998-ci ildə isə media üzərində dövlət senzurasını ləğv etdi. Bu addımlar media mühitində şəffaflıq mühitinin bərqərar olmasını təmin etdi.
“Jurnalistlərin dostu olan Ulu Öndər Heydər Əliyevin mətbuata göstərdiyi xüsusi diqqət nəticəsində media nümayəndələrinin azad və təhlükəsiz fəaliyyəti üçün bütün lazımi işlər həyata keçirildi, onların sosial rifahı və peşəkar inkişafı istiqamətində dövlət dəstəyi gücləndirildi. Medianın cəmiyyətdə maarifləndirmə və tərbiyəvi funksiyasını daim yüksək qiymətləndirən Ulu Öndər mətbuat işçilərinə həmişə xüsusi hörmətlə yanaşırdı”, - deyə Şahin İsmayılov vurğulayıb.
Hər il 22 iyul - Milli Mətbuat Gününün, yubileylərin, o cümlədən cari il milli mətbuatın yaranmasının 150 illiyinin ölkəmizdə yüksək səviyyədə qeyd olunduğunu xatırladan komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirərək medianın inkişafını daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının təşəbbüsü ilə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" qəbul edilib, mətbuatın qanunvericilik bazası təkmilləşdirilib və digər zəruri addımlar atılıb.
Azərbaycan mediasının bu gün qlobal informasiya məkanının ayrılmaz tərkib hissəsinə çevrildiyini söyləyən Şahin İsmayılov deyib: “Bu gün qədəm qoyduğumuz və yeni çağırışlarla zəngin dövrdə medianın qarşısında daha geniş vəzifələr dayanır. Rəqəmsal texnologiyaların sürətli inkişafı nəticəsində internet resursları üzərində qəzetçilik fəaliyyəti geniş vüsət alıb, sosial media platformaları vasitəsilə xəbərlərin operativ yayılması təmin olunub. Bu tendensiya Azərbaycan jurnalistikasının çevikliyini və rəqabət qabiliyyətini daha da artırıb.
Fürsətdən istifadə edərək, əlamətdar yubiley münasibətilə bütün media nümayəndələrini səmimi-qəlbdən təbrik edir, onlara peşəkar fəaliyyətlərində uğurlar diləyirəm”.