“Milli Şurada aksiyaların keçirilməsi ilə bağlı müzakirələr aparılacaq. Çox güman ki, növbəti sessiyada bu məsələyə toxunulacaq. Amma martda aksiyaların keçirilməsi planlaşdırılmır. Bu məsələlər situasiyadan asılıdır. İstənilən halda müzakirələr aparılıb, ani qərarlar da vermək olar. Hazırda aksiya məsələsi gündəmdə deyil”.
Bunu Modern.az-a Milli Şuranın üzvü, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Gözəl Bayramlı deyib. O, Milli Şuranın növbəti sessiyaya qədər dinləmələr keçirəcəyini qeyd edib: “Milli Şura fəaliyyətini uğurla davam etdirir. Adətən, qış aylarında müxalifətdə durğunluq olur. Amma hesab etmirəm ki, Milli Şuranın fəaliyyətində süstlük müşahidə olunur. Qurumun fəaliyyəti göz qabağındadır. Fevralın 28-də də Milli Şurada avrointeqrasiya ilə bağlı dinləmə keçirəcək. Digər tədbirlərin də keçirilməsi nəzərdə tutulur”.