Modern.az

Xocalını siz diriltdiniz, Leyla Əliyeva!

Xocalını siz diriltdiniz, Leyla Əliyeva!

Təhsil

26 Fevral 2014, 16:17

Bu gün dünya Xocalıya daha yaxındır. Bu gün Azərbaycan da Xocalıya əvvəlki illərlə müqayisədə daha yaxındır.

Demək ki, 5 il öncə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə başlanan “Xocalıya ədalət!” kampaniyası öz nəticəsini verdi.

Axı dünən, cəmi 5 il öncə bütün dünya Xocalını sanki unutmuşdu. Azərbaycan da az qala unudacaqdı.

Bu gün isə vəziyyət tam əksinədir.

1992-ci ilin fevralın 25-dən 26-a keçən gecə Ermənistanın yerlə yeksan etdiyi Xocalı şəhəri indi dirilir. Özü də Azərbaycanın ucqar bir bölgəsi kimi deyil, bütün dünyanın tanıdığı bir şəhər kimi dirilir.

Xocalıya bu canı Lelya Əlieva verdi.

Dirilən Xocalı Leyla Əliyevaya təşəkkür edir.

Bu gün bütün Azərbaycan, eləcə də xaricdəki Azərbaycan diasporları, sülhsevər dünya Xocalı soyqırımın anır.

Xocalını anan hər kəs “Xocalıya ədalət” istəyir. Bəli, indi Xocalı deyəndə göz önünə ilk olaraq Leyla Əliyeva gəlir. Xocalını dirildən xanım.

Xocalı bir daha sizə minnətdardır Leyla Əliyeva!

22 il əvvəl baş vermiş dəhşətli soyqırım xalqımızın qan yaddaşında daha dərin və möhkəm qata çevrilir.

Düz beş il əvvəl başlamış “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası da məhz Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı aktı kimi tanınması məqsədi güdürdü.

Bu kampaniyanın təşəbbüsçüsü olan Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva da bu gün uğurları ilə fəxr edə bilər.

Əslində bu kampaniyanın ideyası 2008-ci il mayın 8-də, Şuşanın işğalının ildönümü irəli sürülüb. Amma rəsmi olaraq 2009-cu ildən layihəyə start verilib.

Beş il elə də böyük müddət deyil. Xüsusən özü ətrafındakı informasiya blokadasını yeni-yeni yaran Azərbaycan üçün.

Amma bu beş ildə dünyanın 40-a qədər ölkəsində “Justice for Khojaly” (“Xocalıya ədalət!”) kampaniyası icra olunur. Həm bu layihə, həm də  Azərbaycan dövlətinin apardığı siyasət nəticəsində artıq dünyanın bir neçə ölkəsi, o cümlədən ABŞ-ın 14 ştatı Xocalı soyqırımını tanıyıb.

İslam Əməkdaşlıq Təşkilatı və ona bağlı qurumların qəbul etdiyi sənədlər əsasında dünyanın 57 ölkəsi Xocalı  faciəsinə "kütləvi qırğın" və "insanlığa qarşı cinayət" kimi qiymət verib, 10-a yaxın qətnamə qəbul edilib.

Layihə çərçivəsində müxtəlif kampaniyalar, aksiyalar, küçə yürüşləri, sərgilər, seminar və konfranslar təşkil olunub. O cümlədən məşhur amerikalı reper, 7 dəfə Qremmi mükafatçısı Toni Blekmənin ifasında “Xocalıya ədalət!” video-roliki hazırlanıb, avropalı rejissorların iştirakı ilə “Sonu olmayan dəhliz” sənədli filmi çəkilib, Qarabağ həqiqətləri ilə bağlı Rusiya ictimaiyyəti üçün iki kitab nəşr olunub.

Bütövlükdə 5 il ərzində 200-ə yaxın müxtəlif xarakterli tədbirlər təşkil olunub.

Bu il də Kanadadan Koreyaya kimi, Braziliyadan Avstraliyaya qədər bir çox ölkələrdə tədbirlər təşkil edilib.

Xocalı ədalətini alınca dünyanın aparıcı ölkələrində faciə ilə bağlı elektron sərgilərin təşkili, akademik araşdırmaların keçirilməsi, hətta Xocalıya həsr olunmuş bədii əsər müsabiqəsinin elanı da nəzərdə tutulub.

Xocalı – dərdimiz, hələ də qanayan yaramızdır. Bu ağrılı əzamızın yeganə məlhəmi işğal altındakı əzəli Azərbaycan ərazilərinin, o cümlədən Xocalının düşmən tapdağından qurtarılmasıdır.

Bu gün Xocalı soyqırımının timsalı olan “Ana harayı” abidəsi önünə toplaşan insan selinə baxdıqda görünən, bələdçiyə ehtiyac duymayan həqiqət budur ki, hər kəs bu ağrını eyni dərəcədə duyur, hamı eyni əzmdədir: “Yetər, nankor, gözükor dünya! Ədalət tələb edirik!” Yaşından, cinsindən, sosial təbəqəsindən asılı olmadan hər kəsin, hamının üzündən oxunan, baxışlarından görünən əzmin vahid bir fikirdə ifadə olunmasında da, şəksiz ki,  “Xocalıya ədalət!” kampaniyası öz işini gördü.

Bu kampaniyanın çox yaxın zamanlarda bizi Xocalıya aparacağına əminik.

Pərvin Arzuqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil