Şimali Kiprdə - Yakın Doğu Universitetində azərbaycanlı tələbələr “Hamımız Xocalılıyıq” sloqanı altında toplaşıblar.

Tədbirdə tanınmış Azərbaycan bəstəkarı Cavanşir Quliyevlə yanaşı universitetin müəllimləri, Türkiyə, İran, Türkmənistan və s. kimi ölkələrdən tələbələr tədbirdə iştirak edib. “Ermənilər heç bir zaman bizə qonşu olmadılar” deyə vurğulayan Cavanşir Quliyev, Xocalıda törədilmiş ağlasığmaz qətliamı pisləyib. “Xocalı faciəsi xalqımızın gördüyü ilk kütləvi qırğın deyildi. Bu cür vəhşiliklə həyata keçirilən hadisəni gərək ki, bütün dünyaya yayaq. Ermənilər olmayan bir hadisəni dünyaya necə səs salaraq yayırlarsa, biz onlardan dəfələrlə çox bu təbliği etməliyik. Ən azından ona görə ki, bizim sübutumuz var”.

Tədbir iştirakçılarına Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşağın faciəsinə həsr olunmuş “Böyüməyən uşaqlar” kitabı təqdim olunub. İştirakçı və media mənsublarına kitab barədə geniş məlumat verilib, qısa bir zaman ərzində kitabın Türkiyə türkcəsində də nəşr ediləcəyi bildirilib.
Toğrul SALEHLİ