Modern.az

Türkiyədə telefonu dinlənilən azərbaycanlı DANIŞDI: “Bu, Fətullah Gülənin kriminal dəstəsinin şantajıdır”

Türkiyədə telefonu dinlənilən azərbaycanlı DANIŞDI: “Bu, Fətullah Gülənin kriminal dəstəsinin şantajıdır”

27 Fevral 2014, 11:40

Türkiyədə 7 min nəfərin telefonlarının dinlənildiyi siyahıda adı keçən azərbaycanlılardan biri,  Ankaradakı Geopolitik Araşdırmalar İnstitutunun sədri Hakim Əlizadə məsələ ilə bağlı münasibətini açıqlayıb. Modern.az saytına deyilənlərlə bağlı cavab verən H. Əlizadə bildirib ki, Türkiyədə yaşayıb siyasi-strateji sahədə akademik araşdırmalarla məşğuldur və əməllərində heç bir qanun pozuntusu olmayıb.

“Bununla bərabər Yaxın Şərq və Orta Asiya ölkələri gənclərinin birləşdiyi beynəlxalq bir təşkilatın rəhbəri olmaqla aktiv ictimai fəaliyyətlərim də var. Bu müddət ərzində əməllərimdə zərrə qədər də olsun bir qanun pozuntusu olmamış, haqqımda inzibati və ya cinayət xarakterli arşdırma hər hansısa hüquq mühafizə orqanı tərəfindən aparılmayıb. Bütün fəaliyyətlərim və həyat tərzim Türkiyə qanunları çərçivəsində şəffaf olaraq gerçəkləşdirilib. Belə olduğu halda ev, mobil və iş telefonlarım Türkiyə polisi və prokurorluğu tərəfindən gizli dinlənilib. Mətbuatda gedən xəbərlərdən məlum olur ki, bu gizli dinləmələr Türkiyə dövləti və hüquq mühafizə orqanları daxilində “Paralel Dövlət” adlı qaranlıq və kriminal qruplaşmalar tərəfindən qeyri-qanuni formada həyata keçirilib”.

Onun sözlərinə görə  minlərcə insana qarşı ciddi qanun pozuntularına yol verilib. “Məlum olur ki, Fətullah Gülən camaatına aid “Paralel Dövlət” kriminal qurupu tərəfindən bu ölkənin baş naziri də daxil olmaqla aralarında yüksək çinli məmurların, millət vəkillərinin, siyasətçilərin, QHT, fond, akademiklərin, jurnalist, din xadimlərinin və işadamlarından ibarət 7 min nəfərin qeyri-qanuni olaraq telefonları dinlənilib. Təəssüf ki, bu qeyri-qanuni və qeyri-əxlaqi cinayət xarakterli əməl sayəsində mənim Türkiyədəki yaşadığım ev,  mobil və iş telefonlarımın dinlənilməsindən əldə edilən materiallar çirkin şantaj əməllərində istifadə məqsədilə toplanaraq sənədləşdirilib.

Beləliklə, Türkiyə Cumhuriyyətinin də imzaladığı Avropa İnsan Haqqları Müqaviləsinin 8/1-ci maddəsi (Şəxsi həyata, Ailə həyatına, Mülkə və Xəbərləşməyə hörmət), Türkiyə Konstitutsiyasının 20 və 22-ci maddələri (Şəxsi Həyatın Gizliliyi və Qorunması) pozulmuş, Türk Cəza Qanununun 132, 190 və 197-ci maddələrinə əsasən cinayət əməli törədilib. Bütün bunlarla bərabər 5237 saylı Türk Cəza Qanundakı Şantaj Cinayəti əməlinə zəmin yaradılıb.

Hətta bunlarla bərabər, Facebook profilim və e-mail adreslərim müntəzəm siber hücumlar və xüsusi xidmət orqanlarının istifadə etdikləri xüsusi casus proqramları sayəsində nəzarətə götürülüb. Oradakı bəzi yazılar təhrif və montaj edilərək şəxsimə qarşı şantaj və ictimayyət arasında gözdən salma kampaniyası kimi çirkin əməllərə cəhd edilib. Bütün bu cinayət və çirkin əməllərin tezliklə qanun çərçivəsində araşdırılılıb həqiqətin üzə çıxarılması, günahkarların cəzalandırılması və pozulmuş hüquqlarımın bərpa edilməsi məqsədilə Türkiyə hökuməti və hüquq mühafizə orqanlarına vəkillərim vasitəsi ilə müraciət edəcəyəm”-deyən təşkilat rəhbəri bildirib ki, bəzi Azərbaycan KİV-lərində bu hadisə istismar və təhrif edilərək verilib.

“Guya Hakim Əlizadə hansısa ölkə və ya qurupla əlaqələrdə şübhəli bilinərək Türkiyə polisi tərəfindən gizli dinlənilib. Başqa absurd bir iddia da ondan ibarətdir ki, guya mən baş nazir Rəcəb Tayyəp Ərdoğanın da ittiham olunduğu illeqal “Salam Təşkilatı”na dəstək verdiyim üçün gizli dinlənilmişəm. Bütün bu və digər məlumatlar yalan, əsassız və toplumda ajiotaj yaratmaq üçün verilən xəbər və şərhlərdir. Bu media vasitələri yaydıqları dezinformasiydan ötrü təkzib verməsələr onlar da məhkəməyə veriləcək.

Fürsətdən istifadə edib bildirmək istəyirəm ki, Türkiyədəki iqtidar daxili mücadilədə mənim və rəhbərlik etdiyim qrumların heç bir tərəfə aidiyyəti yoxdur. AKP-Gülən Camaatı arasındakı mübarizəni bu ölkənin daxili işi hesab edir və media nümayyəndələrindən xəbər verərkən bu məqama xüsusi diqqət yetirmələrini və hər hansısa bir yanlışa yol verməmələrini xahiş edirik.

Telefonlarımın dinlənilməsi və sosial şəbəkə profilim, habelə mail adreslərimin xüsusi casus proqramlarıyla nəzarətə alınması niyə və hansı məqsədlə kimlər tərəfindən edildiyi isə Türkiyə hüquq mühafizə orqanlarının araşdırmaları nəticəsində öz hüquqi qiymətini tapacağına ümid edirəm”.

Qeyd edək ki, Türkiyədə “paralel dövlətin” həyata keçirdiyi iddia edilən dinləmə əməliyyatının açıqlandığı siyahıda H. Əlizadə ilə yanaşı,  jurnalist Sevil Nuriyeva və həbsdə olan Hacı Taleh Bağırovun da adı var.

Aqşin Kərimov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil