“Azərbaycanla Amerika arasında müsbət tərəfdaşlıq münasibətləri var. Bir sıra sahələrdə əməkdaşlığımız davam edir. Münasibətlərdə hansısa soyuqluq müşahidə etmirəm. Əksinə, ABŞ-ın bir neçə ştatında Xocalı qətliamı ilə bağlı qətnamələr qəbul edilib. Amerika konqresmenləri, senatorları Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ciddi bəyanatlar veriblər. Mənə elə gəlir ki, bizim münasibətlərimiz tərəfdaşlıq, əməkdaşlıq və bir neçə sahədə ortaq maraqlarla bağlıdır”.
Bunu Modern.az-a Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə deyib. O, “Ukraynadan sonra növbə Azərbaycanındır” fikrini də şərh edib: “Azərbaycandakı siyasi proseslərlə bağlı Amerikanın ciddi siyasi proqramlarının olduğuna inanmıram. Bir məsələni xüsusi ilə qeyd etmək lazımdır, həm Moldovanın, həm də Ukraynanın Rusiya ilə ciddi iqtisadi əlaqələri var. Təbii ki, Rusiyanın bu ölkələrə embarqosu burada iqtisadi və sosial vəziyyəti daha da ağırlaşdıra bilər. Azərbaycanın isə heç bir dövlət qarşısında asılılığı yoxdur. Buna görə də istənilən dövlətin Azərbaycana təsir imkanları çox azdır”.
Deputat qeyd edib ki, Ukraynada baş verən hadisələr xarici qüvvələrin marağındadır: “Bu gün Ukrayna dövlətçiliyi və ərazi bütövlüyü ciddi sınaqlardan keçir. Ukraynadakı prosesləri zor müstəvisində saxlamaq üçün tamamilə başqa qüvvələrin fəaliyyət göstərdiyi haqda şübhələr də var. Dünən Krımda baş verən hadisələr də bunu bir daha təsdiq edir. Bir sözlə, orada vəziyyət çox ağırdır”.
İlkin PİRƏLİ