Həbib Ələkbərsoy
MDHP sədrinin ideoloji məsələlər üzrə müavini
Geridə qoyduğumuz həftə dünya “21 Fevral - Beynəlxalq Ana Dili Günü”-nü qeyd etdi. Bizim Ana dilimiz də uzun zamandır ki, təhdid altındadır. Dilçi alimlərimiz və ideoloqlarımız bu təhdiddən bir neçə çıxış yolları təqdim ediblər. Biz Milli Dirçəliş Hərəkatı Partiyası olaraq dilimizin qorunması üçün ortaq türkcənin yaranmasını vacib şərt hesab edirik və bununla bağlı ideoloji konseptual elmi doktorinamız var. Milli Dirçəliş Hərəkatı Partiyası ortaq türkcənin inkişaf istiqamətlərini belə görür ki, Türkdilli Ölkələrin Parlament Assamblyası tərəfindən qəbul olunacaq ortaq dilin bütün Türk Respublikalarında tədrisi və diplomlardan yuxarı bütün elmi işlərin ortaq türkcədə yazılması şərtini təklif etmək. Alınmış bu qərardan doğan qanun layihələrinin hazırlanmasını təmin etmək.
Statistikaya görə dünyada hər il minlərlə ünsiyyət dili sıradan çıxır. Tək Şimali Qafqazda orta hesabla ilə 10-15 dilin itməsi müşahidə olunur. Bu kiçik toplumların, etniklərin və tayfaların özlərinə məxsus ünsiyyət dillərinin hegemon və qonşu dillər eləcə də uyğun dil qrupları arasında əriməsinin göstəricisidir. Dünyada dillərin belə sürətlə assimilyasiyaya uğradığı bir vaxtda öz dilini qorumaq ciddi bir mübarizədən keçir. Bunun üçün isə Ana dilini bacardığımız qədər təmiz və güclü saxlamağımız lazımdır.
Heç kimə sirr deyil ki, dünyada Türk millətinin məhvi üçün böyük lahiyyələr hazırlanıb və onun icrası üçün kifayət qədər işlər görülüb. Türk dilinin haçalanması da bu strategiyanın tərkib hissəsidir. Türk dilini parçalayaraq kiçik toplum və xalqların ayrı-ayrı dillərinə (Azərbaycan dili, Özbək dili, Qazak dili və s.) bölərək dilin tutumunu, zənginliyini və coğrafiyasını parçalamaqla gücünü azaltmaq, bununla da türk dilini sıradan çıxarmağı asanlaşdırmaq məqsədi güdülür. Çünki, bir millətin məhvi ən əvvəl onun dilinin sıradan çıxarılması ilə başlayır. 350 milyonluq və Turan adlanan böyük bir coğrafiyanın vahid dilini sıradan çıxarmaq isə mümkün deyil.Amma, bu Türkiyə türkcəsini tam anlamında ortaq dil kimi qəbul etmək demək deyil.
1. Hər bir ölkənin dilində ona yad dildən keçmə sözlər var ki, ortaq türk dili sözügedən dilin bundan arınmasına yardımçı olacaq.
2. Əski, unudulmuş, dildən çıxarılıb arxaikləşmiş amma az qala bütün türk dövlətlərinin dillərinin kökündə eyni anlamı ifadə edən sözlərin yenidən dilə qaytarılmasına səbəb olacaq ki, bu mənada o sözlərin unudulmasının qarşısı alınacaq.
Necə olur ki, hər hansı bir xalqın dili dünya dilinə çevrilir?
Alimlər təsadüfən demirlər ki, insan hansı dildə danışırsa o dildə də düşünür. Misal üçün, zay məhsul iqtisadi termini yapon dilinə tərcümə olunmur. Ona görə ki, yaponlarda istehsal prosesində bu, olmur. Namus sözü isə rus dilinə tərcümə olunmur. Çünki, rus millətində də bu, olmur. Rus dilində tərbiyə alan türk artıq bu düşüncədə olur. Bu məqamın bizi haraya apardığını təsəvvür etmək isə dəhşətdir. Dil, xalqın psixologiyasının ifadəsidir. Ortaq dilin ən mühüm cəhətlərindən biri də odur ki, üç yüz əlli milyonluq bir toplumun dili öz-özlüyündə dünya dillərindən birinə çevrilir. Bunun da bir neçə səbəbləri var. Bilirik ki, Quranın oxunmasına görə dünyada olan müsəlmanların bir hissəsi ərəb dilini bilir. Böyük bir toplumun məhz bu dildən istifadə elədiyinə görə ərəb dili dünya dillərindən birinə çevrilib, rus dili isə öz dilini zorla işğal elədiyi xalqlara öyrədən Rus imperiyasına görə. Bu, böyük bir coğrafiyanı əhatə elədiyindən rus dili dünya dillərindən birinə çevrildi. Avropa Birliyinin vahid dili ingilis dili olduğuna görə ingilis dili dünya dillərindən birinə çevrildi. Yəni dünyada nə qədər çox insan eyni dili anlayırsa, o dil öz-özlüyündə dünya dillərindən birinə çevriləcək. Aydın məsələdir ki, vahid dil olanda yüksək elmi əsərlər məhz o dildə yazılır. Sovet dövründə elmi ədəbiyyatın rusca, Avropadakı elmi ədəbiyyatın ingiliscə yazlması kimi. Elmi qaynaq kimi bir dil istifadə olunursa bu həmin dilin dünya dillərindən birinə çevrilməsinin şərtlərindən biridir. Yaxud başqa bir misal: bir dil nə qədər böyük bir coğrafiyanı əhatə edirsə informasiya qaynağı kimi o dilə müraciət olunur. Bu da həmin dilin dünya dilinə çevrilməsinin şərtlərindən biridir. Ən əsaslı məqam isə, dünya iqtisadiyyatı ilə bağlıdır. Bir dilin demoqrafik əhatə dairəsi nə qədər genişdisə bu dilin əhatə etdiyi bazarı da ələ almaq üçün aparılan rəqabət, həmin dili əsas faktorlardan birinə çevirir. Yəni, misal olaraq göstərmək olar ki, həm Avropada, həm Amerikada, həm də Asiyada istehsal olunmuş məhsulu türk xalqlarına satmaq üçün onun haqqında məlumatlar məhsulun üzərinə və onun haqqında olan bilgi vərəqinə həmin dildə yazılır ki, bu da həmin dilin qeyd-şərtsiz dünya dilinə çevrilməsi deməkdir. Yaxud, götürək reklam bazarını. Bir sözlə, iqtisadi maraqlar, özü-özlüyündə geniş dili dünya dilinə çevirir. Əgər bizim ortaq dilimiz olsa Sibiryadan Qərbi Avropaya qədər Turan adlı böyük bir coğrafiyada yaşayan, ortaq türk dilində danışan 350 milyonluq bir bazarı heç bir sahibkar itirmək istəməz. Sonda, qeyd etmək istəyirik ki, hələ beş il bundan əvvəl Azərbaycan Respublikasının prezidenti ilə Türkiyə Cümhuriyyətinin baş naziri arasında hələlik bu iki Respublika arasında ortaq türkcənin formalaşması istiqamətində imzalanan sazişdən irəli gələn məsələlər çox təəssüflər olsun ki, aidiyyatı institutlar tərəfindən işlənmir.