“Partiyamız bələdiyyə və parlament seçkilərində iştirak etmək niyyətindədir. Qanunvericilikdə bələdiyyələrlə bağlı dəyişikliklər olarsa, seçkidə aktiv iştirak edəcəyik. Qanuna dəyişiklik edilməzsə, partiya seçkidə iştirak etməyəcək. Partiya üzvləri könüllü olaraq iştirak edə bilərlər. Səlahiyyətsiz bələdiyyədə formal üzv olmağın mənası yoxdur”.
Bunu Modern.az-a Böyük Quruluş Partiyasının (BQP) başqanı, millət vəkili Fazil Mustafa deyib.
Onun sözlərinə görə, BQP parlament seçkilərində iştirak edəcək: “Bu seçki bir qədər fərqlidir, siyasi xarakterli hadisədir. Partiyanın mövcudluğunun əsas səbəbi parlament seçkilərinə iştirak etməkdir. Bu seçki mojaritar deyil, qarışıq seçki sistemi qaydası ilə keçiriləcəksə, daha fəal olacağıq. Çünki o zaman partiyanın öz proqramı ilə iştirak etmək imkanı olur. Burada fərdlərə üstünlük verilmir. Partiya seçkilərə öz siyahısı ilə qatılmağı məqsədəuyğun sayır. Bu, partiyanın dirçəlməsi, inkişafı üçün mühüm rol oynayır. Ona görə də qarışıq sistem tətbiq edilsə, daha yaxşı olar. Bu sistem tətbiq edilməzsə də, fərdi qaydada aktiv iştirak edəcəyik”.
Millət vəkili “İslahat” Blokunun fəaliyyətinin yenidən dirçəldilməsində maraqlı deyil: “İslahat blokla olmur, islahat zəka ilə, ağılla, insanların prosesə hazırlığı ilə keçirilir. Blokun adı “İslahat” olmur, “Günəş” olsun. Adı Günəş olsa, istilik verməyəcək ki. Belə şeylərdə adla nəyisə cəmiyyətə qəbul etdirmək mümkün deyil. Cəmiyyətə əməllə, düşüncə ilə nəyisə qəbul etdirmək olar. Ölkədə islahat ab-havası yoxdur, bunun üçün bizim həmin bloku dirçəltməyimiz yetərli deyil. Biz islahatlar istəyirik, amma bu, arzularla olmaz. Ölkədə reallıqlar üst-üstə düşməlidir, təəssüflər olsun ki, bu, üst-üstə düşmür. Belə olan halda müttəfiqlikdən daha çox başqa amilləri düşünürük ki, real vəziyyət yaradaq. Hər halda, yeni situasiyaya uyğun qərar qəbul edəcəyik”.
İlkin PİRƏLİ