Modern.az

Müsabiqədən kənarlaşdırılan şagird: “Üzrxahlıq məktubu almışam”

Müsabiqədən kənarlaşdırılan şagird: “Üzrxahlıq məktubu almışam”

27 Fevral 2014, 13:33

““Sabahın alimləri” III Respublika müsabiqəsi bitsə də, layihəmin üzərində işləyirəm”. Bu sözləri Modern.az-a açıqlamasında Səbail rayonu 7 saylı məktəbin XI sinif şagirdi, eyni zamanda ABŞ-ın Kilgore Kollecinin tələbəsi Əminə Əmirxanlı deyib.

“Mən plagiatlıqda suçlanırdım və ən azı nüfuzumu təmizə çıxardım. Eyni zamanda mənə dedilər ki, münsiflərinin qiymətləndirməsi əsasında layihəm müsabiqədə yaxşı yer tutmayıb. Münsif qiymətləndirməsi gizli keçirildiyindən bu barədə heç bir şey deyə bilmərəm. Amma “Sabahın alimləri” müsabiqələrinin MDB koordinatoru və eyni zamanda Azərbaycanda keçirilən müsabiqədə iştirak edən Tatyana Nanayeva mənə Təhsil Nazirliyindəki açıqlamadan sonra məktub göndərdi və üzrxahlıq etdi. Qazandığım ən böyük nəticə İntel İSEF-in MDB ölkələri üzrə “Sabahın Alimləri” müsabiqələrinin təşkilatçısı və bu il müsabiqədə baş verən hadisələrin şahidi olan Tatyana Nanayevadan aldığım üzrxahlıq məktubu idi”.

Ə.Əmirxanlı hazırda iki olimpiadaya hazırlaşdığını bildirib. “Bunlardan biri aprelin 2-6-ı İNEPO beynəlxalq olimpiadası, digəri isə mayın əvvəlində Türkiyədə keçiriləcək MEF olimpiadasıdır. Bu olimpiadalarda elmi proyektim qeydiyyatdan keçib və rəsmi dəvət gözləyirəm”.

Ə.Əmirxanlı təhsil nazirinə də minnətdarlıq edib: "Eyni zamanda fürsətdən istifadə edib təhsil naziri Mikayıl Cabbarova elmi proyektə obyektiv rəy çıxarıldığı üçün minnətdarlığımı bildirirəm. Müsabiqə bitib və bu səbəbdən heç bir şikayətim yoxdur. Məni qarşıda görəcəyim işlər daha çox maraqlandırır".

Qeyd edək ki, Səbail rayonu 7 saylı məktəbin XI sinif şagirdi Əminə Əmirxanlı “Sabahın alimləri” III Respublika müsabiqəsindən haqsız yerə uzaqlaşdırılması və layihəsinin plagiat adlandırılması ilə bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət etmişdi. Təhsil Nazirliyindən isə bildirilmişdi ki, Əminə Əmirxanlı nə münsiflər, nə də təşkilatçılar tərəfindən müsabiqədən kənarlaşdırılıb. Münsiflər heyəti tərəfindən onun “Metilen aktiv birləşmələrinin aril hidrozonlarına əsaslanan molekulyar açarları”adlı layihəsi 46,7 balla qiymətləndirilib.

Müzakirə zamanı Ə.Əmirxanlının layihəsində plagiat olub-olmaması məsələsinə də baxılıb. Münsiflərin rəyinə görə, Azərbaycan dilində təqdim olunan ilkin qeydiyyatdan keçirilən sənəddə Ə. Əmirxanlı istifadə etdiyi elmi ədəbiyyata istinad verməyib. Lakin sonradan münsiflər layihənin müsabiqənin Təşkilat Komitəsinə təqdim olunan və ingilis dilində yazılan variantları ilə tanış olub və müvafiq istinadların olduğunu müəyyən ediblər. Beləliklə, layihədə plagiatın olmaması barədə qərar qəbul edilib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil