Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Bizim yol” qəzetinin həbsdə olan əməkdaşı Pərviz Həşimlinin məhkəməsi başlayıb. Modern.az xəbər verir ki, məhkəməyə sədrliyi hakim Novruz Kərimov edib.
P. Həşimli məhkəmə zamanı bildirib ki, vəkillərinə onunla görüşmək üçün icazə verilmir. Vəkil Bəhruz Bayramov da P. Həşimlinin dediyini təsdiqləyib. Onun sözlərinə görə məhkəmə tərəfindən Pərviz Həşimli ilə görüşə icazə verilməməsi, cinayət işi ilə tanış olmaq imkanı əldə edə bilməməyə gətirib çıxarır. Məhkəmə prosesi təxirə salınıb. Buna səbəb isə şahid Təvəkkül Qurbanovun vəkilinin məhkəmə prosesinə qatılmaması olub.
Qeyd edək ki, P. Həşimli ötən il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Onun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qəti-imkan tədbiri seçilib.
Modern.az