Ədalət Partiyasının sədri, Milli Məclisin “İnsan Hüquqları Komitəsi”nin üzvü İlyas İsmayılov fevralın 27-də hazırda Kürdəxanı təcridxanasında saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə görüşüb. Bu barədə Modern.az-a Ədalət Partiyasından məlumat verilib.
İ.İsmayılov Əvəz Zeynallının səhəti, saxlanılma şəraiti və apellyasiya şikayəti ilə bağlı işlərin gedişi ilə maraqlanıb. “Xural”ın baş redaktoru bunlarla bağlı hər hansı şikayətinin olmadığını deyib. Eyni zamanda, o, özünə qarşı elan edilən ittihamlarla barışmadığını və azadlığa çıxması üçün şikayətlərini davam etdirəcəyini bildirib.
Xatırladırıq ki, Əvəz Zeynallı on ay sürən məhkəmə prosesindən sonra 2013-cü il martın 12-də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306 və 311-ci maddələri ilə ittiham edilərək, 9 il azadlıqdan məhrum edilib.
Modern.az