Modern.az

“Qarabağa görə Rusiya ilə toqquşmaq hələ ki ABŞ-ın marağında deyil” - MÜSAHİBƏ

“Qarabağa görə Rusiya ilə toqquşmaq hələ ki ABŞ-ın marağında deyil” - MÜSAHİBƏ

27 Fevral 2014, 16:06

Dövlət İdarəçilik Akademiyası nəzdində Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirovun  Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış situasiya ilə bağlı  Modern.az saytına verdiyi müsahibəni təqdim edirik.

-Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov danışıqlar prosesində ətalətin hökm sürdüyünü açıq şəkildə ifadə edib. Dağlıq Qarabağ probleminin həlli ilə bağlı hazırkı mərhələ, daha doğrusu durğunluq danışıqlar prosesinin perspektivini sual altına almırmı?

-Araz Əzimov danışıqlar prosesində iştirak edən bir şəxs olaraq tam məlumatlı bir insan kimi bu açıqlamanı verdi. Onun bu bəyanatı statik vəziyyətin olmasına ciddi işarədir. Danışıqlarda donmuş bir vəziyyət əmələ gəlib. Belə olan təqdirdə, heç şübhəsiz ki, gedişatların necə ola biləcəyi sualları aktuallaşır. Düzdür, Xarici İşlər Nazirliyi səviyyəsində görüşlər keçirildi və Minsk Qrupunun həmsədrlərinin regiona səfərləri oldu. ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceys Uorlikin də Türkiyəyə səfəri gerçəkləşdi. Amma bu intensivliklər kəmiyyət ölçüsüdür. Kəmiyyətdən keyfiyyətə keçid halı isə yoxdur...

-Bu, Minsk Qrupunun  səmərəsiz fəaliyyətindən irəli gəlir yoxsa Ermənistanın qeyri-konstruktiv mövqeyindən?

-Ermənistan prinsip etibarı ilə 2009-cu ilin sonunda Afinada irəli sürülən “Yeniləşmiş Madrid Prinsipləri” ni qəbul etməyib. Amma onların müzakirəsində iştirak edir. Ermənistan vaxt udma taktikasını tətbiq etməkdədir. Azərbaycanın isə dəyişməz bir mövqeyi var. Azərbaycan sülh yolu ilə münaqişənin həllini istəyir. Amma bu danışıqlar nəticə verməyəcəyi təqdirdə və Azərbaycanın dövlət başçısı İlham Əliyev məxfi aparılan müzakirələrin  əhəmiyyətinin olmamasına əmin olandan sonra danışıqlardan imtina edə bilər. Bundan sonra isə proseslərin hərbi müstəvidə inkişafını proqnozlaşdırmaq elə də çətin deyil. Hərbi müstəvidə Dağlıq Qarabağ probleminin həllini isə həmsədr ölkələr heç istəmirlər. Çünki bu amil həmsədr ölkələrin regionla bağlı geoiqtisadi və geopolitik maraqlarına ziddir. Onlar regionda müharibə başlanmasını istəmirlər. Ermənistanın isə mövqeyini dəyişə biləcək bir gedişlər etmək ya iqtidarında deyillər ya da bunu etmək istəmirlər. ABŞ və Fransanın Rusiya ilə bağlı geopolitik niyyətləri və Kremllə həllini gözləyən daha vacib məsələlər onları Dağlıq Qarabağ münaqişəsinin həllində gözləmə mövqeyində dayanmağa vadar edir. Hərbi münaqişə yaranarsa, bütün məsuliyyət işğalçı Ermənistan,  onu himayə edən tərəflər və tənzimlənmə proseslərində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun üzərinə düşəcək.

-Elman müəllim, bir az konkretləşdirək. Həqiqətənmi Dağlıq Qarabağ münaqişəsi dondurulmuş hesab oluna bilər?

-Dağlıq Qarabağ problemi dondurulmuş münaqişə deyil. Bu münaqişə istənilən vaxt hərbi fazaya keçid edə bilər. Münaqişə ilə bağlı vəziyyətin sonsuza qədər belə olacağını düşünənlər məsələyə qeyri-adekvat və düzgün yanaşmırlar. Azərbaycan və Ermənistan xarici işlər nazirinin Parisdə danışıqlar apardığı ərəfədə cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini tez-tez pozması Ermənistanın ciddi-cəhdlə danışıqlar prosesinin uzanmasında maraqlı olduğunu göstərir. Onlar istəyir ki, prezidentlər səviyyəsindən danışıqlar ya baş tutmasın ya da əsas məsələlər diqqətdən kənarda qalsın. Azərbaycan bu reallıqdan çıxış edərək güclənmək taktikasından istifadə edir. Ölkəmizin hərbi büdcəsi daha da artır. Ən müasir silahlarla ordumuz təchiz edilir. Azərbaycan onun fərqindədir ki, hadisələr dinc ssenaridən qeyri-dinc ssenariyə keçə bilər. Bu keçid gözlənilməz olmamalıdır.

-ABŞ-ın son bir ildə Cənubi Qafqazla bağlı siyasətini təhlil etdikdə bu qənaətə gəlmək olur ki, Ağ Ev Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında aktiv səylər göstərir. ABŞ dövlət katibi Con Kerrinin rəsmi Vaşinqtonun Qarabağ probleminin həlli ilə bağlı ciddi işlər görməsini deməsi də diqqəti cəlb etməyə bilməz. Bu zaman bir sual yaranır. ABŞ hansı tərəfin xeyrinə münaqişəni həll etmək istəyir?

-ABŞ xarici siyasətin əsas hədəfləri qlobal maraqlara söykənir. Dünyanın istənilən regionunda ABŞ-ın maraqları cəmlənib. Ancaq maraqlar yekcins deyil. ABŞ-ın maraqları iki hissəyə ayrılır: Həyati maraqlar və ümumi maraqlar. ABŞ-ın hansı bölgədə həyati maraqları cəmlənirsə, həmin maraqların təminatı naminə Vaşinqton istənilən addımları atır və hətta hərbi münaqişələr girişir. Ümumi maraqlar olduqda isə ABŞ  bəyanatlar verməkdən, mövqe bildirməkdən uzağa getmir. ABŞ xarici siyasət kursunda  müəyyən zamandan sonra ümumi maraqların həyati maraqlara keçid etməsi istisna deyil. Ancaq bu günkü reallıqda ABŞ-ın davranışları onu göstərir ki, Rusiya ilə maraqların toqquşması var. ABŞ hazırda Rusiya ilə olan problemlərin həllinə çalışır. Dağlıq Qarabağa görə Rusiya ilə baş-başa gəlmək və onunla toqquşmaq hələ ki, ABŞ-ın maraq dairəsində deyil. Ona görə də ABŞ-ın Qarabağla bağlı davranışları seyrçi mövqeyini xatırladır. Son bir neçə il ərzində Ki Uest danışıqlarını çıxmaq şərti ilə ABŞ  öz ərazisində münaqişənin həlli bağlı xarici işlər nazirləri və prezidentlər səviyyəsində görüş təşkil etməyib. Bu özü xeyli mətləbdən xəbər verir.

-Bəs nə zaman həyati maraqlar Cənubi Qafqazın əsas münaqişəsi Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə transfer olunacaq?

-Dünyada situasiyalar çox sürətlə dəyişir. Ukraynadakı hadisələr fonunda hesab etmək olar ki, Qərb, Avropa İttifaqı özünün geostrateji niyyətlərinə daha çox yaxındır. Bu mübarizədə Rusiya məğlub olmuş tərəf kimi görünür. Postsovet məkanının ən böyük dövlətlərindən biri olan Ukraynada proseslər Rusiyanın ziddinə gedirsə və Qərbin maraqları təmin olunursa bu, MDB məkanında ABŞ və onun müttəfiqlərinin daha ciddi oyunlar oynamağa başlayıblar. Bu istər-istəməz digər ölkələrə, eyni zamanda Azərbaycanla bağlı məsələlərə də təsir göstərə bilər. Rusiyanın MDB məkanında mövqelərinin zəifləməsi kontekstində ABŞ-ın regionda mövqelərinin möhkəmlənməsini hesab etmək olar. Bu isə Qarabağ probleminin həllində də bir dinamizmə gətirib çıxara bilər. Amma bu dinamizmin  keyfiyyət halına keçib keçməyəcəyini isə demək çox çətindir. Rusiya faktorunu onun mövqelərinin zəifləməsinə baxmayaraq heç zaman yaddan çıxarmamalıyıq. ABŞ-ın münaqişənin həlli ilə bağlı kəsərli söz demək imkanı, potensialı var. Amma Vaşinqton hələ ki, bunu etmir. Çox ciddi paradoksal vəziyyət də mövcuddur. Deyirlər ki, ABŞ bir çox halda problemi həll etmir. Ziddiyyət isə odur ki, ABŞ-sız da problemlər həllini tapmır. Gürcüstanın Avropaya inteqrasiya prosesi daha da dinamikləşəcək. Azərbaycan da həmin xətti seçib. Azərbaycan dövləti geopolitik panoramı diqqətlə izlədikdən sonra bir daha o qərara gəlir ki, yeganə çıxış yolu güclənməkdir. Bu vəziyyətdə güclü Azərbaycan hər bir tərəf üçün maraqlıdır. Bu güc Azərbaycanın işğal olunmuş torpaqları üzərində suveren hüquqlarının bərpasına qovuşduracaq.

-Bir müddət Türkiyənin Qarabağ konfliktinin həlli ilə bağlı daha da aktivləşdiyini gördük.   Türkiyə-Ermənistan sərhədlərinin açılmasını özündə ehtiva edən Sürix protokollarının reallaşmasına  görə rəsmi Ankaranın Qarabağla bağlı birmənalı mövqeyi isə bu fəallığı bir qədər səngitdi. Belə ki,  Türkiyənin xarici işlər nazirinin erməni həmkarı Edvard Nalbandyanla görüşündə ikinci,  Ankaranın Ermənistanla sərhədlərini açmağa görə heç bir şərt irəli sürməmək kimi bir mesaj verdi. Bundan sonra Türkiyənin fəallığından danışmaq olarmı?

-1992-ci ildə yaradılmış ATƏT-in Minsk Qrupunda on bir dövlət təmsil olunur. Türkiyədə həmin Minsk Qrupunun üzvüdür. Sadəcə olaraq əsas məsuliyyət Minsk Qrupunda olan üç həmsədr ölkənin üzərinə düşür. Razılaşma əldə olunub yekun sənəd hazırlanandan sonra on bir dövlət buna imza atmalıdır. Bu baxımdan Türkiyə prinsip etibarı ilə bu prosesdə var. ATƏT-də yekdillik, konsensus prinsipi var. Ölkələrdən biri hər hansı səs vermədikdə həmin qərar qəbul olunmur. Ermənistan Türkiyənin həmsədr olmasını Dağlıq Qarabağ münaqişəsinin həllində yaxından iştirak etməsi kimi dəyərləndirir və bunun əleyhinədir.  Türkiyənin Qarabağla bağlı mövqeyi isə dəyişməzdir. Ermənistan işğal aktına son qoya biləcək addımlar atmayacağı təqdirdə, Türkiyə onunla sərhədləri açmayacaq. Əgər sərhədləri açarsa, bu, Türkiyənin acizliyi olar və  cırtdan dövlət qarşısında təzyiqlər fonunda geri çəkilməsi müsəlman dünyasında onun imicinə zərbə vurar.

-Dağlıq Qarabağ probleminin həll edilməmiş qalması Azərbaycanın xarici siyasətində hansı əngəllər yaradır?

-Təsadüfi deyil ki, Azərbaycan xarici siyasətinin prioritetləri sırasında, birinci yerdə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır. Ölkə prezidenti İlham Əliyev 2012-ci ilin sentyabr ayının 21-də xarici ölkələrdəki diplomatik korpus rəhbərləri ilə keçirdiyi müşavirədə qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq dövlətimizin qarşısında dayanan bir nömrəli məsələdir. Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın xarici siyasətinin formalaşmasına, istiqamətlənməsinə, partnyor və tərəfdaşlarımızın seçilməsinə birbaşa təsir göstərir. Eyni zamanda bu problem bizim digər məsələlərlə məşğul olmağımız üçün müəyyən mənada əngəllər də yaradır. Dağlıq Qarabağ problemi olmasa idi, Azərbaycan iqtisadiyyatı bundan da yaxşı vəziyyətdə olardı. Bununla bərabər Azərbaycan digər sfaralara, xarici siyasətlə bağlı başqa  məsələlərdə daha böyük addımlar atardı.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail Təbrizi bombalayır - Xamaneinin yeri bəlli deyil