“Krımda vəziyyət gərgin olaraq qalır. Gecə saat dörd radələrində 30-50 nəfər silahlı adam Krım parlamentini və hökumət binasını işğal edib”.
Bunu Modern.az saytına açıqlamasında Krımda nəşr olunan “Yeni dünya” qəzetinin baş redaktoru Zera Bəkirova deyib. O, Krımdakı gərginliklə bağlı bildirib ki, şəhərin mərkəzi militanlar tərəfindən mühasirəyə alınıb. Z.Bəkirovanın sözlərinə görə qarşıdurmalara görə dövlət müəssisələri, məktəblər tətil elan edib.
“Krımın baş naziri Anatoliy Moqilyovun silahlı şəxslərlə danışıqları nəticə verməyib. Krım parlamentinin sədri Vladimir Konstantinov isə parlamentdə iclas aparır. Son məlumatlara görə parlamentdə “Krıma muxtariyyət statusunu mükəmmələşdirmək”lə bağlı referendum keçirilməsi məsələsi müzakirə olunub və əksəriyyət bunun lehinədir”-deyə Z.Bəkirova qeyd edib.
Baş redaktor onu da əlavə edib ki, Krım tatarları arasında Rusiya meylli olanlar da az deyil. O bildirib ki, rusmeylli tatarlar Rusiya prezidenti Vladimir Putinə kömək üçün müraciət ediblər.
Jurnalist Rusiyanın Krıma ordu yeritməsi ilə bağlı deyilənləri də təsdiqləyib. “Fevralın 25-də Rusiyadan gələn hərbi “Ural”lar Yalta şəhərinə daxil olub. Bu gün isə Simferepol şəhərinin girişindəki yollarda “BTR”lər yerləşdirilib”.
Qeyd edək ki, Krımda tatarlarla ruslar arasında qarşıdurmalar yaşanır.
Aqşin Kərimov