“Nurçular”ın Azərbaycanda pozuculuqla məşğul olmasının şahidi deyiləm. Onların Azərbaycandakı fəaliyyəti hələ ki təhsil sahəsində qabarıq görünür. Düzdür, “nurçular”ın dövlət orqanlarında çalışması ilə bağlı məlumatlar da var”.
Bunu Modern.az-a Politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, Azərbaycanda dövlət orqanlarına ideya ilə soxulub, fəaliyyət göstərmək çətindir: “Bu, dərhal nəzərə çarpar və əks təsirlə qarşılana bilər. “Nurçular” bir çox sahələrdə cəmiyyətin rəğbətini qazana bilən işlər görə biliblər. Məsələn, Qafqaz Universiteti ali məktəblər sırasında fərqlənir. Buraya türk liseyləri də aiddir. Fakt odur ki, buranı bitirənlər ciddi uğurlar qazanıblar”.
Politoluqun sözlərinə görə, hansısa təriqətin güclənməsi təkcə ideya və əqidə ilə bağlı deyil: “Bu, həm də maddi məsələlərlə bağlıdır. İnsanları madiyyat yolu ilə həmin dini cərəyanın idealogiyasına, baxışlarına, həyat tərzinə cəlb edə bilirlər. Cəmiyyətdə də ideya boşluğu olduqda bu boşluğu hansısa idealogiya, ilk növbədə dini ideologiya, xüsusilə onun radikal qanadı doldura bilir”.
Q.Hüseynli bildirib ki, Azərbaycan üçün təhlükəli radikal dini təriqətlərdir: “Səudiyyə Ərəbistanı bu ideya vasitəsi ilə bütün müsəlman ölkələrində hegemonluğu ələ keçirməyə çalışır. Ərəbistan bunun üçün neft milyonlarından xeyli vəsait ayırıb. Bu addımlar həm də islam dinini parçalayır. Görürsünüz ki, Suriya hadisələrində müsəlman müsəlmana cihad elan edir. Halbuki, müqəddəs kitabımızda cihadı müsəlman olmayanlara qarşı elan etmək olar. Bu məsələdə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) tutmuş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (DQİDK) qədər bütün orqanlar səfərbər olmalıdırlar. Dinlə bağlı maarifləndirmə, dindəki yanlışlıqlara qarşı mübarizə aparmaq lazımdır. Yəni, hər şeyi özbaşına buraxmaq olmaz”.
İlkin PİRƏLİ