Modern.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Heydər Əliyev Fondunun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimat mərasimində bildirib ki, ahzırda Bakı şəhərindəki 343 məktəbəqədər təhsil müəssisəsindən 301-i 2011-ci ilin dekabrında Təhsil Nazirliyinin tabeliyindən alınıb. 39 bağça isə 2012-ci ilin avqustunda Dövlət Neft Şirkətinin tabeliyindən alınıb.
”Başqa sözlə, bu gün 345 müəssisə tam fəaliyyətdədir. Bu müəssisələrdə 36.977 uşaq təlim-tərbiyə alır. Bu günə qədər 345 məktəbəqədər təhsil müəssisəsindən 174-ü iki il ərzində dövlət vəsaiti hesabına tam təmir olunmuş və təminat məsələsi yüksək səviyyədə həll edilmişdir. Bu bağçalarda uşaqlar gündə 4 dəfə təzə ərzaq məhsullarından hazırlanmış yeməklə təmin edilirlər”.
Hacıbala Abutalıbov deyib ki, bu il 34 bağça tam təmir olunub istifadəyə veriləcək. “Bundan başqa, bu gün 166 qrupda uşaqların qəbulu tam azaddır. Maliyyə Nazirliyindən verilən məlumata görə, gələn həftənin axırına qədər həmin qruplar müəyyənləşəndən, yəni maliyyə yardımı alınandan sonra 2500-dək uşağı biz yenidən bağçalara qəbul edə biləcəyik. Lakın statistika məlumatına görə, bu gün 1 yaşından 5 yaşına qədər 157.349 uşaq bağça gözləyir. Başqa sözlə, 1 yaşından 5 yaşına qədər uşaqların yalnız 23 faizdən çoxu bağçalarda təhsil alır. Hazırda 48 özəlləşdirilmiş məktəbəqədər təhsil müəssisəmiz vardır. Onlardan yalnız 9-u fəaliyyət göstərir, qalanları isə boşdur”.
Bakı meri bildirib ki, özəlləşməyə açıq elan edilmiş 64 bağçanın özəlləşdirilməsi millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə Prezident İlham Əliyev tərəfindən dayandırılıb.
”Bu bağçalarda artıq təmir işlərinə başlanılıb. Əgər bu bağçaların, həmçinin qaçqın və məcburi köçkünlərin yaşadıqları bağçaların hamısını təmir etsək, bizdə 402 bağça olacaqdır. Deməli, 1 yaşından 5 yaşına qədər uşaqların builki statistikasını nəzərə alsaq və əgər 6 qruplu bağçalar tiksək, bizim 1105 bağçaya ehtiyacımız vardır. Əgər 4 qruplu bağçalar tiksək, söhbət 1505 bağçadan gedəcək”.
H.Abutalıbov deyib ki, ölkə başçısının verdiyi tapşırığa əsasən, bağçaların ərazisində qeyri-qanuni tikililərin hamısı ləğv edilib. Hazırda faktiki olaraq bağçalarda ən azı 1 və ya 1,5 hektar boş torpaq sahələrimiz var. Burada yeni bağçalar tikmək mümkündür.
”Əgər bu bağçaları da tiksək, mövcud bağçalarla birlikdə uşaqların 70-75 faizə qədərini təmin etmiş olarıq. Qalır 25 faiz, bunu da yeni bağçalar tikməklə problemi həll edə bilərik”.
Modern.az